“Havadan xəbərsiz idik”.

Axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi ilə əlaqə kəsilib, hazırlıqsız sürücülər yolda qalıb.


Şamaxıda qarın hündürlüyü 10-15, dağ kəndlərində 20-25 sm-ə çatır. Mərkəzi küçələrdə səhər saatlarında avtomobillər yolda qalıb. Rayonun Pirbəhli, Qaladərəsi, Qaleybuğurd, Keçmədin kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.

Qar Bakı-Şamaxı-Yevlax, İsmayıllı-Muğanlı magistrallarında da çətinliklər yaradıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Magistralın Basqaldan keçən ərazisində gediş-gəliş daha da çətinləşib.

Sürücü: “Qar yağmağa davam edir, yolda qalmışıq. Yol polisi əməkdaşları sağ olsunlar köməklik etdilər maşını yoldan kənara çıxardıq”.

Sürücü: “Yay təkəri ilə gəlmişik. Qaldıq yolda. Havadan xəbərsiz idik”.

Sürücü: “Qəbələdən bu yana 5 saatdır ki, yoldayam, buraya qədər gəlib çıxa bilmişik”.

Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax, eləcə də Muğanlı-İsmayıllı, İsmayıllı-Oğuz-Qəbələ-Şəki magistrallarının axşam saatlarında şaxta səbəbindən buz bağlaması ehtimalını nəzərə alaraq sürücülərə vacib olmadıqca yola çıxmamalarını tövsiyyə edir.

Ağasəlim Nağıyev – Tağım komandiri: “Təmizləyirik, qar da yağmağa davam edir. Sürücülərə tövsiyyəmiz odur ki, diqqətli olsunlar. Nasaz maşınlarla yola çıxmasınlar”.

Hazırda ərazidə qarın yağması davam edir.



VİDEONU İZLƏYİN