reklam
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM “Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM https://duz.az/uploads/posts/2023-05/thumbs/1683928683_islam-780x470.webp
ice berg

ice berg İslam Dini 13-05-2023, 13:00

“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM

“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM
Dini mənbələrdən məlum olur ki, Allahın adlarından biri bütün adlar içindən seçilmiş və üstündür. Onun xüsusiyyətləri haqqında məlum olan budur ki, həmin ad Allahın bütün zatını, bütün sifətlərini özündə ehtiva edir. Həm də bu, Allahın ən çox sevdiyi və çağrılmaq istədiyi addır. Allahın bu adına “ismi-əzəm”, yəni ən böyük, ən əzəmətli ad deyirlər. İsmi-əzəm elə bir addır ki, onu söyləyən və Allahı bu ada and verən şəxsin duası mütləq qəbul olar. Bu adı söyləməklə ən qeyri-mümkün işləri etmək, ən qəribə möcüzələri törətmək mümkündür. İstər keçmiş peyğəmbərlərin, istərsə də övliyaların həyatında bu barədə xeyli nümunələr vardır. Hətta Şərq ölkələri nağıllarında da mözücə göstərməyə imkan verən “ismi-əzəm dua”sı haqda xeyli rəvayət var. İSMİ-ƏZƏM VARMI, YOXMU? Əlbəttə, filosof və mütəfəkkirlərin heç də hamısı ismi-əzəmin mövcudluğunu qəbul etməmişlər. Fəxr Razi öz təfsirində bu mövzuya aydınlıq gətirərək yazır ki, ad (ism) adlandırılanı (müsəmmanı) ifadə etməli, tanıtdırmalıdır. Allahın zatını olduğu kimi anlamaq insana müyəssər olan bir iş deyil. Buna görə də Ona həqiqətini (zatını) tam əhatə edən bir ad qoymaq qeyri-mümkündür. Amma bu məlumatların sonunda müəllif ismi-əzəmin mövcudluğuna dair sübutların daha tutarlı olduğunu bildirir. Ismi-əzəmin mövcudluğuna inanmayan və Allahın adlarından birini daha üstün saymağın əleyhinə olanların sırasında Cüneyd Bağdadi, İbn Hibban, İbn Cərir Təbəri, Baqillani, Əşəri kimi böyük şəxsiyyətlərin adı çəkilir. Hədislərdən məlum olduğu kimi, ismi-əzəm bəzi din müqəddəslərinə məlum idi. İmam Cəfər Sadiq (ə) buyurub ki, ismi-əzəm 73 hərfdən ibarətdir. Allah bu hərflərin 25-ni Həzrət Adəmə (ə), 25-ni Həzrət Nuha (ə), 8-ni Həzrət İbrahimə (ə), 4-nü Həzrət Musaya (ə), 2-ni isə Həzrət İsaya (ə) öyrətmişdi. Həzrət İsa Peyğəmbər (ə) bu iki hərfin köməyi ilə ölüləri dirildir və bərəs (xora) xəstəliyinə tutulandarı sağaldırdı. Həzrət Mühəmməd Peyğəmbərə (s) isə hərflərin 72-si öyrədilmişdi. Allah hərflərin birini gizli saxlayıb ki, özü bəndələrin mahiyyətini tam bilsin, amma bəndələr Onun mahiyyətini tam anlamasınlar (Biharül-ənvar, XI, 68).

Mühəddis Cəzairi bu hədisə aydınlıq gətirərək yazır ki, Həzrət İbrahimə (ə) Həzrət Adəmdən (ə) və Nuhdan (ə) az hərf öyrədilməsinin səbəbi Onun o birilərdən əskik olması mənasını vermir. Az hərf alan da, çox hərf alan da – bunların hamısı ülul-əzm peyğəmbərlərdir. Lakin ismi-əzəmin hərflərinin hamısı eyni deyil, bunların bəziləri o birilərdən daha üstündür, daha əhatəlidir. İSMİ-ƏZƏMİ BİLƏN ADAM CİNLƏRDƏN DƏ GÜCLÜDÜR İsmi-əzəmin mövcudluğu barədə Qurani-kərimin bəzi ayələrini sübut kimi gətirirlər. Əlbəttə, bu ayələrin heç birində ismi-əzəm haqqında açıq-aşkar danışılmır və onun adı çəkilmir, təfsirlərdə ayənin ismi-əzəmə işarə etdiyi bildirilir. Məsələn, Həzrət Süleyman Peyğəmbər (ə) Səba məlikəsi Bilqeysin taxtını gətizdirmək istəyəndə, Onun yanındakılardan biri (bunun vəzir Asəf ibn Bərxiya olduğunu yazırlar) demişdi ki, bu işi bir göz qırpımında edə bilər: “Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm” (Nəml, 40). Təfsirlərdə yazılıb ki, Asəf bu işi ismi-əzəmin köməyi ilə etmişdi. Burada diqqəti çəkən məsələ budur ki, Asəf ibn Bərxiya ismi-əzəmi bildiyi üçün hətta cinlərdən də güclü idi. Çünki bundan əvvəlki ayələrdə deyildiyi kimi, Həzrət Süleyman (ə) Bilqeysin taxtını kimin gətirə biləcəyini öz hüzurundakı cinlərdən, heyvanlardan və insanlardan soruşanda (o həzrət bunların hamısının dilini bilirdi və bunlar üzərində hakim idi), “cinlərdən olan bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (Nəml, 39). Lakin Asəf bundan da qısa vaxt ərzində – bir göz qırpımında bunu edə biləcəyini söylədi. Hədislər də bunu təsdiq edir ki, Asəf ibn Bərxiya ismi-əzəmin 73 hərfindən birini bilirmiş. İmam Əli Nəqi buna əlavə olaraq buyurub ki, ismi-əzəmin 72 hərfi Əhli-beyt imamlarına məlumdur, bir hərf isə Allahın qeyb elminə aiddir (Nurüs-səqəleyn təfsiri, IV, 90).

İSMİ-ƏZƏM PİS ADAMIN ƏLİNDƏ GÜCLÜ SİLAHDIR Rəvayətlərdə deyilir ki, Həzrət Musa Peyğəmbərin (ə) müasiri olmuş Bələm ibn Baura adlı abid də ismi-əzəmi bilirmiş. Buna görə də Bələmin bütün duaları müstəcab olurdu. İsmi-əzəmin köməyi ilə o, kəramətlər göstərirdi. Tövhid mövzusunda Bələm çoxlu kitab yazmışdı, hətta 200 nəfər katib həmişə onu müşayiət edir və dediklərini qələmə alırdı. Hətta Həzrət Musa (ə) Bəni-İsrail qövmü ilə birlikdə Bələmin yaşadığı torpaqları fəth etməyə gələndə, o yerin camaatı Bələmə yalvardı ki, öz gücündən istifadə edib Musanın (ə) qabağını alsın. Əvvəlcə Bələm etiraz etdi. Söylədi ki, Musa (ə) peyğəmbərdir, Ona itaət etmək lazımdır, Onunla mübarizə aparmaq mənasızdır; çünki Onun yardımçısı Allahdır. Amma camaat yalvarıb-yaxarmaqda davam edirdi. Onlar hətta qiymətli hədiyyələrlə Bələmin arvadını da öz tərəflərinə çəkməyə nail oldular. Arvadı Bələmi dilə tutub, Musaya (ə) qarşı tədbir görməyə çağırırdı. Bir yandan arvadının yalvarışları, bir yandan da qapısına gələnlərin xahişi Bələmi öz fikrindən döndərdi. Bələm Həzrət Musaya (ə) qarşı dua etmək üçün səhraya getdi. Deyirlər ki, bu dua elə güclü idi ki, Həzrət Musanın (ə) qövmü 40 gün Bələmin yaşadığı torpaqlara yol tapa bilmədilər. Onlar bütün günü yol gedir, amma axırda yenə əvvəlki nöqtəyə qayıdırdılar. Axırda Musa Peyğəmbər (ə) bunun səbəbini bilmək üçün Allaha yalvardı və Allah Ona vəhy etdi ki, bəndələrindən biri ismi-əzəm vasitəsilə bu işi edir. Musa (ə) Allaha dua etdi ki, Bələmin şərrini onlardan uzaqlaşdırsın. Allah Bələmin hafizəsindəm ismi-əzəmi sildi. Artıq Bələmin heç bir duası müstəcab olmadı. Kəramətini itirmiş Bələm Allaha asi oldu və küfrə düşdü, beləliklə neçə illik ibadətini də zay etdi. Onun adı öz yolunu azmış din xadiminin nümunəsi kimi bu gün də çəkilməkdədir. Quranda Bələmin adı verilməsə də, bu əhvalata üstüörtülü şəkildə işarə edilib (Əraf, 175-176). Həmin ayələrdəki ”ayələrimizi verdiyimiz kimsə“ ifadəsi ismi-əzəmdən xəbərdar olan Bələm ibn Baura haqqındadır.

İSMİ-ƏZƏM HANSIDIR? İsmi-əzəmin konkret nədən ibarət olduğu barədə məlumatlar çox fərqli və rəngarəngdir. İslam müqəddəslərindən rəvayət edilən onlarla hədisdə bu və ya digər adın, ifadənin, hətta ayə və duanın ismi-əzəm olduğu bildirilib. Məsələn, İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu rəvayət edirlər: “Bsmillahir-Rəhmanir-Rəhim Allahın ən böyük (əkbər) və ya ən əzəmətli (əzəm) adıdır”. Başqa bir rəvayətə görə, İmam Sadiq (ə) ismi-əzəmin ümmül-kitabın (yəni Fatihə surəsinin) içində parçalanmış, bölünmüş halda mövcud olduğunu buyurub. Yenə İmam Sadiqin (ə) öz səhabəsinə belə buyurduğunu yazırlar: “İstəyirsənmi sənə Allahın ismi-əzəmini öyrədim? Əlhəmdu lillah (Fatihə), Qül hüvəllah (Ixlas) surələrini, ayətül-kürsini, İnna ənzəlnah (Qədr) surəsini oxu, sonra üzü qibləyə sarı durub istədiyin şey barədə dua et”. Yeri gəlmişkən, bəzi hədislərdə deyilir ki, Bismillahir-Rəhamanir-Rəhim ayəsinin ismi-əzəmə yaxınlığı gözün qarasının (bəbəyinin) ağına yaxınlığından da artıqdır (Biharül-ənvar, XCIII, 223-224).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 161 187 169 173 138

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.