Qadının hicabının hüdudları

Qadın üzü və biləyə qədər əlləri istisna olmaqla bütün bədənini örtməlidir. Əgər bir kəs onlara baxaraq günaha düşərsə, başqa sözlə, onların üzünün açıq olması fəsada səbəb olarsa, əlin və üzlərin də örtülməsi vacib olur. Əlbəttə, bu söz əksər fəqihlərin fətvası ilə müvafiqdir. Amma bəziləri adi şəraitdə də bədənin hər yerinin örtülməsini vacib bilirlər. Mərhum Şəhidi Əvvəl və Şəhidi Sani (rəhmətullahi əleyhima) adi şəraitdə əli və üzləri bağlamağı vacib bilmirlər. Həmçinin "Cəvahirül-kəlam” kitabının müəllifi sair alim və fəqihlərdən nəql edir ki, onlar əlləri və üz örtməyi istisna etmişlər, o bu məsələ barəsində bütün alimlərin fikir birliyində olduğunu qeyd etmişdir. Həmçinin mərhum Seyyid Məhəmməd Kazim Yəzdi Təbatəbai (hazırkı mərcəyi təqlidlər onun fətvası əsasında fətva verirlər) yazır:
"Qadına vacibdir ki, öz bədənini əri və məhrəmləri istisna olmaqla başqalarından örtsün, amma üzün və əllərin örtülməsi vacib deyildir.”
Qeyd olunan məsələdə təqribən bütün mərcəyi-təqlidlər fikir birliyindədir. Lakin onların bəziləri ehtiyat kimi üzü və əlləri də örtməyi lazım bilirlər. İndi isə qadının bədəninin örtülməsinin vacibliyini Quran və hədis nəzərindən diqqətinizə çatdırırıq.
Allah Taala buyurur: "Naməhəm qadın və kişilər bir-birinə heyran olmamalı, həmçinin qadınlar zahir olan yerlərindən başqa öz zinətlərini aşkar eləməməli, örtüklərini sinə və boyunlarına qədər örtməlidirlər.”
Bəziləri belə güman edə bilərlər ki, bu ayədə deyilən zinətlərin örtülməsi vacibdir və Alah-taala yalnız onların örtülməsini göstəriş verir. Amma bildiyimiz kimi, zinət əşyaları dükan-bazarda və başqa yerlərdə camaatın gözü önündədir və onlara baxmağın heç bir işkalı yoxdur. Allah taalanın "öz zinətlərinizi göstərməyin” deyə buyurmasında məqsəd ya zinət olunan yerlərdir ki, bu halda üz və zinət yerləri örtülməlidir. Yaxud da onların zinətlərinin özü məqsəddir. Belə olan halda onlar qadınların bədənində olarsa, nəticəsi bədənin naməhrəmlərdən örtülməsi və qorunması deməkdir. Əllərin və üzün bu hökmdən istisna olunması məsələsinə gəldikdə isə, ayənin özündən dəlil gətirmək olar. Çünki ayədə buyurulur ki, zahir olanları örtmək lazım və vacib deyildir. Bu halda zahir istər zinət yerləri olsun, istərsə də zinətin özü, üzün və əllərin örtülməsinin vacib olmamasına bir dəlildir. Bundan əlavə, ayənin davamında buyurulur ki, örtük ilə sinə və boynunuzu örtün, amma üzün örtülməsi üçün heç nə demir. Bu özü aşkar bir sübutdur ki, üzün örtülməsi vacib deyildir. Quran ayəsindən əlavə, üzün örtülməsini (adi şəraitdə və fasada səbəb olmadan) vacib bilməyənlər bəzi dəlillər gətirmişlər ki, onların bəzilərini qeyd edirik:
1. Qadın ictimai bir varlıqdırsa, onun çölə çıxması şəri cəhətdən qadağan deyilsə və ticarət edib işləyə bilərsə, bu halda əllərinin və üzünün örtülməsi ağır məşəqqətə səbəb olar, bu da əqlən və şərən qadağan olunmuşdur.
2. Həcc əməllərində (ehram halında) qadın üçün üzün örtülməsi haramdır. Əgər sair yerlərdə örtülməsi vacib olsaydı, həcc əməllərində haram və Allahın istəyinin pozulmasına səbəb olardı.
3. Qadının bədəninin örtülməsi barəsində imamlarımızdan çoxlu hədislər nəql olunub ki, onlar əlləri və üzü istisna etmişdir. Buna əsasən, üzün və əllərin örtülməsi vacib deyil, amma imkan daxilində bütün bədən, hətta üz və əllərin örtülməsi müstəhəbdir. Bizim fəqihlərimiz bütün bədənin örtülməsini vacib bilən rəvayətlərin müstəhəb olmasını qeyd etmişlər. Yaxud qeyd etmişlər ki, yalnız fəsada salan yerlərdə vacibdir.
Mərhum Kuleyni İmam Sadiq (əleyhissalam)-ın səhabələrinin birindən nəql edir ki, o Həzrətdən soruşdular:
"Naməhrəm şəxs qadının harasına baxa bilər?” Həzrət buyurdu: "Üzünə, əllərinə və ayaqlarına.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) ümməti üçün gələn cəza və əzabları bəyan edərkən qızı Zəhaya buyurdu:
"Saçlarından asılanlar o qadınlardır ki, saçlarını naməhrəm kişilərdən gizlətməmişlər.”
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Axirəz-zamanda, qiyamət yaxınlaşan zaman ən pis zamandır. Elə qadınlar zahir olacaqlar ki, hicabsız, çılpaq və təhrikedici bədənlərlədir. Onlar ilahi hökmlərə, islamın göstərişlərinə etina eləmirlər; əksinə, fitnələrə daxil olmuş, şəhvətpərəst, xoşgüzəran qadınlardır. Onlar əbədi olaraq cəhənnəmdə olacaqlar.”
İmam Sadiq (əleyhissalam) buyurur: "Müsəlman qadın öz bədənini təkcə naməhrəm kişilərdən qorumamalıdır, həm də onların gözəllik xüsusiyyətlərini ərlərinə və ya başqalarına danışaraq onların (ehtiraslarını) təhrik edən. qeyri-müsəlman və təqvasız qadınlardan da örtməsi lazımdır. Bu hökmü "Nur” surəsinin 31-ci ayəsindən əldə etmək olar. Belə ki, Allah taala buyurur:
"Müsəlman qadınlardan örtməsi lazım deyil”, amma qeyri-müsəlman qadınlardan örtməlidirlər, naməhrəm kişilər kimidir. Əlbəttə, fətva nəzərindən bu hökm təkidli müstəhəb sayılır və yalnız bəzi fəqihlərin nəzərinə görə vacibdir.
Həzrət buyurur ki, "layiq deyil ki, müsəlman qadın öz hicabını məsihi və yəhudi qadınların yanında açsın. Çünki onlar həmin müsəlman qadının gözəlliyini öz ərləri üçün deyəcək, onların ehtiraslarını təhrik edəcək, fəsada səbəb olacaqdır. Qadının hicabı onun layiqli xüsusiyyətlərinin və məziyyətlərinin göstəricisidir.