Həzrət Əli(ə) - "Hikmət sahibləri ilə yol yoldaşı, alimlərlə həmsöhbət olun.Dünyadan uzaq olun ki, cənnəti özünüzə məskən edəsiniz"

Allah-taala Qurani-Kərimdə buyurur:

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. [Ali İmran - 103]

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. [Ənfal- 46]

Peyğəmbər (s)buyurur:

"İnsanların ən xoşbəxti o kəsdir ki, alicənab şəxslərlə əlaqə saxlamış olsun." "O kəslərlə dostluq edin ki, onları görməklə Allahı yada salasınız və onların söylədikləri şeylər və gördükləri hər bir iş sizlərə axirəti xatırlatsın".

İmam Həsən Әskəri (ə) imam Zeynulabidin( Səccad)-dan nəql etdiyi hədisdə insanların tanınması üçün lazım olan meyarları ətraflı izah edir və insanların xüsusiyyətlərini tanımaq üçün bu meyarlar olduqca lazım və faydalıdır.

İmam Zeynulabidin (ə) buyurur:

"İnsanların zahiri davranışlarında təvazökarlıq, zahidlərə xas olan davranış gördükdə onlara məftun olmayın-Çünki, insanların bir çoxu aciz, qorxaq və zəif iradəli olduqları üçün haram mal yeyər və mümkün qədər çox dünya malı əldə etmək istəyər. Bunun üçün də camaatı aldatmaq məqsədilə dinlərindən tələ kimi istifadə edər və bir çoxlarını öz zahiri rəftarları ilə özlərinə cəlb edərlər. Qarşılaşdıqları bütün haram işləri bacardıqları qədər yerinə yetirər və haram bataqlığında qərq olarlar.

-İnsanların haramdan göz yummaları da sizləri aldatmasın-Çünki, insanların nəfsani istək və tələbləri bir-birlərindən fərqli olur. İnsanların bir çoxu bəzən haram yeməkdən çəkinsələr də nəfsləri onları digər günahlara vadar edər və bu yolla harama düçar olarlar. Onların bütün bunlardan çəkindiklərini görüb hansı əqidəyə yiyələndiklərini bilməyincə, yenə də onlara aldanmayın. Çünki, insanların bir çoxu haram işlərdən çəkinsələr də, sağlam əqidə və təfəkkür tərzinə yiyələnməzlər.Bu səbəbdən islah olmaq əvəzinə bir çox hallarda nadanlıq üzündən haqq yoldan uzaq düşərlər.

-Onların sağlam əqidəyə yiyələndiklərini görüb yenə də aldanmayın - Baxın görün onlar öz nəfslərinə qalib gələ bilmişlər, ya nəfsləri onları özünə əsir etmişdir? Baxın görün onların təqva və pəhrizkarlıqları batil əqidəyə hansı münasibət bəsləyir. Çünki, insanların bir çoxu həm dünya, həm də axirətlərini itirmişlər. Onlar batil hakimiyyətin sərvət və halal nemətlərdən üstün olduğunu güman edərək, dünyanı dünyaya xatir tərk etmişlər və bu ayəyə əsasən - "Onlara "təqvalı olun" deyildikdə təkəbbür onları günaha sürükləyir. Cəhənnəm onların məskəni olacaqdır. Ora necə də pis yerdir". Onlar gecənin zülmətində heç nəyi görmədən zəlalətə doğru gedərlər və ilk batil istəkləri onları uçuruma sürükləyər. Allah-taala da onları tövbə edib təqvalı olmadıqları təqdirdə, haqdan uzaq düşüb tüğyan etməkdə köməklik edər. Belə olduğu təqdirdə onlar Allahın haramını halal, halalını da haram edər.Onlar istədiklərinə nail olduqda (yüksək məqama çatdıqda) dinlərini nə qədər itirsələr də heyflənməzlər. Onlar Allahın qəzəbinə gələn, Onun lənət etdiyi və [axirətdə] böyük əzaba düçar edəcəyi kəslərdir.
Ətraflı

Lakin kamil insan o kəsdir ki, bütün istək və arzuları Allahın əmrinə tabe olmuş olsun. Bütün istedad və bacarığını Allahın razılığını əldə etmək üçün sərf edər. O haqq yolunda bütün çətinliklərə sinə gərməyi hər şeydən üstün tutar və bilir ki, haqq yolunda çətinliklərə dözüb sinə gərmək onu əbədi nemətə [axirət dünyasına] hidayət edəcəkdir.Bir çox nəfsani istəklər isə onu sonu bilinməyən əzaba sürükləyəcəkdir. Belələri insanların ən təqvalı və ən xeyirlisidir.Onların tutduqları yolu gedin və onların vasitəsilə Allaha təvəssül edin. Çünki, Allah onların dualarını geri qaytarıb arzularını nakam qoymur".(Biharul-ənvar, 2-ci cild, 14-cü fəsil, 10-cu hədis. )

Göründüyü kimi İmam Səccad (ə) zahiri davranışı, günah və haram şeylərdən çəkinməyi həqiqi təqva sahibinin və kamil insanın tanınması üçün əsas meyar hesab etmir. Yeganə meyar varsa, insanın nəfsani istəklərinə qalib gəlib, günah və Allahın haram etdiyi şeyləri özünə haram etməsi, Onun razılığını əldə etmək üçün haqq yolunda bütün çətinliklərə sinə gərməsidir. Bu işdə nümunəvi və yollarını davam etdirməli şəxslər varsa, o da məhz bu xüsusiyyətlərə malik olan kəslərdir.

Әn çox xeyir və dəyərli məsləhətlər hikmət və düşüncə sahibləri ilə ünsiyyətdə olmaqla əldə olunur.

İmam Həsən Müctəba (ə) xütbələrinin birində öz səhabəsi Cünadə ibni Әbi Üməyyəyə baş ucalığı gətirəcək və onların vasitəsilə çatışmazlıqlarını aradan qaldıra biləcək şəxslərlə ünsiyyətdə olmağı tövsiyə edir:

"Ünsiyyətdə olmaq istərkən o kəsləri özünə dost və yoldaş seç ki, onlarla dostluq etmək sənə vüqar və başıucalıq gətirsin. Onlara xidmət etdikdə şəxsiyyətini qiymətləndirsin, bir söz dedikdə söylədiklərini təsdiq edib, onlara xeyir əlini uzatdıqda yardım etsinlər. Hər hansı bir çatışmamazlığını gödükdə göz yumsun, gözəl rəftar və ya xüsusiyyət gördükdə isə qiymətləndirməyi bacarsın. Bir şey istədikdə səxavətli və əli açıq olsun, ehtiyac duyduğun, lakin ondan istəmədiyin şeyləri ixtiyarına qoysun və nəhayət [səndən] xoşagəlməz rəftar gördükdə inciməsin."

Həqiqi dostluq odur ki, dostlar bir-birlərinin eyb və nöqsanlarını gizlədib, qarşılıqlı olaraq müsbət xüsusiyyətlərindən bəhrələnə bilsinlər. Sadiq dostlar daim bir-birlərinin çətinliklərini aradan qaldırmağa çalışar və yalnız tərif, hörmət və ehtiram məqsədilə dostluq etməzlər.

İmam Baqir (ə) bu haqda buyurur:

"O kəslərlə dostluq et ki, səni ağladar, lakin xeyirini istər. Güldürüb aldatmaq istəyən şəxslərdən isə daim uzaq olmağa çalış. Bilin ki, tezliklə hamı Allaha tərəf qayıdacaq və orada hər şeydən agah olacaqsınız".

İmam Cəfər Sadiq (ə) buyurur:

"Dostların arasında hamıdan çox sevdiyim o kəslərdir ki, eyb və nöqsanlarımı mənə hədiyyə etmiş olsun."

İmam Sadiq (ə)-dan nəql olunmuş bu hədisdə diqqəti cəlb edən məsələlərdən biri də bundan ibarətdir ki, verilən hədiyyələr insana sevinc bəxş etdiyi kimi, sadiq dostların bir-birlərinin eyb və nöqsanlarını xatırlamaları onlara sevinc bəxş etsin