reklam
Hamiləlik və Covid-19: olar-olmazları nələrdir? Hamiləlik və Covid-19: olar-olmazları nələrdir? https://duz.az/uploads/posts/2023-01/medium/1672929508_yaqut-qasimova-735x400.jpg
n2006

n2006 Hamiləlik 5-01-2023, 23:30

Hamiləlik və Covid-19: olar-olmazları nələrdir?

Hamiləlik və Covid-19: olar-olmazları nələrdir?
Son illərdə dünyanı cənginə almış koronavirus pandemiyası nisbətən səngisə də, hələ də davam edir. Covid-19-dan ən çox əziyyət çəkən və fəsadları səbəbindən qorxu keçirənlər sırasında hamilə qadınlar ilk sıradadır. Ümumiyyətlə, yeni növ koronavirus infeksiyasına yoluxmuş hamilələrin müalicəsi narahatedici məsələlərdəndir. Hamilə qadınların koronavirusla əlaqədar problemləri daha çox hamiləliyin üçüncü trimestrində baş verir. Bəs görəsən, Covid-19 xəstəliyi ilə üzləşən hamilə xanımların müalicəsi necə aparılır, hamilələr nə zaman koronavirusa qarşı vaksin vurdura bilər və ən əsası peyvənd ana bətnindəki körpəyə təsir edirmi?

Hamiləlik və Covid-19: olar-olmazları nələrdir?

Necə müalicə etməli?

Hamilələrin koronavirus müalicəsi həm hamilə qadınları, həm də onların ailəsini düşündürən əsas məsələlərdəndir. Yuxarıda da qeyd olunduğu kimi, körpə gözləyən koronaviruslu qadınların Covid-19-la əlaqədar problemləri daha çox hamiləliyin üçüncü trimestrində baş verir. Hansı ki, üçüncü trimestr hamiləliyin 28-ci həftəsindən sonrakı dövrə deyilir. Koronavirusun hamilələrdə başlıca riskləri erkən doğuş, erkən suların gəlməsi, ciftin erkən ayrılması və COVID-19-la yanaşı digər virus infeksiyalarının baş qaldırmasıdır. Eyni zamanda üçüncü trimestrdə uşaqlığın böyüməsi ilə əlaqədar diafraqma daha çox sıxıldığına görə yuxarı qalxır və nəticədə ağciyərlər kiçilir. Bu isə ventilyasiya problemlərinə səbəb olur.

Müalicə üsuluna gəlincə, hamilələrin koronavirus müalicəsi adi qaydada icra edilir: Yalnız yanaşı olaraq dölün ana bətnindəki ürək döyüntülərini tez-tez təyin etmək lazımdır. Baş verə biləcək problemləri izləmək üçün xəstə daim nəzarətdə saxlanılmalıdır. Həmin problemlərdən istənilən biri müşahidə edilərsə, xəstəyə uyğun olaraq ya erkən keysəriyyə əməliyyatı, ya da normal doğuş təyin edilməlidir.



Hamilələr nə zaman koronavirusa qarşı vaksin vurdura bilər?

Koronavirus əlamətləri hiss edən zaman hamilə qadın dərhal test verməlidir. Testin cavabı müsbətdirsə və Bakı şəhərində yaşayırsa, təcili tibbi yardıma müraciət etməlidir və bu zaman o, Kliniki Tibbi Mərkəzin doğum şöbəsinə gətiriləcək. Rayonlarda yaşayırsa, qadın məsləhətxanasına və ya rayonun mərkəzi xəstəxanasına müraciət etməlidir. Bu zaman xəstəxananın təşkil etdiyi təcili tibbi yardımla xəstə yenə Kliniki Tibbi Mərkəzin doğum şöbəsinə gətirilir. Prosesi ləngitmək olmaz. Hamilə qadın əgər koronavirusa yoluxubsa, dərhal ondan laborator müayinələr götürülür və xəstəliyin hansı səviyyədə olması qiymətləndirilir. Bundan sonra müvafiq müalicə başlayır. Xəstəliyin ağırlığından asılı olaraq ya doğum şöbəsinin reanimasiyasına, ya da palataya yerləşdirilir. Hamilə qadınların 3-cü aydan sonra vaksinasiyadan keçməsi tövsiyə edilir. Amma əgər xəstəliyin daha güclü və yoluxucu ştammı çıxarsa, ola bilsin ki, peyvənd vurulmasına birinci aydan da icazə verilsin. Ancaq bir məqamı da unutmaq olmaz ki, hamilə qadınlar koronavirus əleyhinə peyvənd ediləndən sonra onun immuniteti aşağı düşə bilər və nəticədə göbələk, genital herpes virusları arta bilər. Ona görə də hamilələr baş verən dəyişiklikləri vaxtında aşkarlamalı və müalicəyə başlamalıdırlar.



Peyvənd ana bətnindəki körpəyə təsir edirmi?

COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır Hamilə olan və ya buna çalışan qadınlar mövcud COVID əleyhinə peyvənd oluna bilərlər, çünki, peyvənddən sonra belə hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur Düzdü, koronavirus əleyhinə vaksinlər yeni olduğundan, hamiləlik zamanı COVID-19 peyvəndi alan qadınların körpələrinə uzunmüddətli təsirləri barədə hələlik dəqiq bir məlumat yoxdur, lakin COVID-19 peyvəndləri “canlı” peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz. Bundan başqa, digər canlı olmayan peyvəndlər hamiləlik zamanı qadınlara uzun illər heç bir təhlükəsizlik problemi olmadan vurulub. mRNT vaksinləri də (“Pfizer” və “Moderna”) inyeksiyadan sonra sürətlə parçalanır. 40 000-dən çox hamilə qadını əhatə edən altı ayrı araşdırma göstərib ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır.

ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir. Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib. İngiltərədəki araşdırmaların nəticələrinə görə COVID-19 peyvəndlərinin hamilə qadınlar və ya körpələr üçün zərəri yoxdur. Bundan əlavə, COVID-19 peyvəndlərinin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təsdiqini tapmayıb. Peyvəndlərin ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürməsi ilə bağlı kifayət qədər araşdırma yoxdur. Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və uzun müddət davam etmir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. Hamilə olmayan şəxslərdə COVID-19 peyvəndlərinin qızdırma və ya bir neçə gün davam edən əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri müşahidə olunur. Əgər qızdırma varsa (38°C və ya daha yüksəkdirsə), istirahət edə və hamiləlik üçün təhlükəsiz parasetamol istifadə edilə bilər. Əlavə məsləhət üçün ailə həkiminə və ya ginekoloqa müraciət edilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 193 235 221 174 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.