Yuxu haqqında məlumatlar



1. Yuxu - ali canlı orqanizmin qarşısıalınmaz həyati tələbatı, sinir sistemi fəaliyyətinin əsas elementlərindən biridir. İnsan həyatının 1/3-i, dövri olaraq, yuxu vəziyyətində keçir. Bu zaman sinir fəaliyyəti zəifləyir, ətrafla əlaqə kəsilir, reaksiyalar sönür, əzələ tonusu düşür, bütün daxili üzvlərin fəaliyyəti hədsiz sakitləşir.
Səbəb, mexanizm və davamiyyətinə görə aşağıdakı yuxu növləri ayırd edilir: 1. Gündəlik (vaxtaşırı) dövri yuxu; 2. Fəsli - letargik dövri yuxu (heyvanlarda qış və yay yuxusu); 3. Narkotik; 4. Hipnotik, 5. Patoloji yuxu.
Dövri - vaxtaşırı yuxu sutkada 1və ya 2 dəfə olur. Təkrar yuxu, adətən, qısa müddətli (1-1,5 saat) olur.
Patoloji yuxu beyin anemiyası, sıxılması, əzilməsi, beyin kötüyünün bəzi yerlərinin zədələnməsi, koma və s. xəstəliklərdən baş verən yuxudur.
Normal adamda birfazalı, ikifazalı və uşaqlarda çoxfazalı yuxu müşahidə edilir. Yoxlanılmışdır ki, bütün kənar qıcıqların kəsilməsi, o cümlədən də görmə, eşitmə, qoxu və toxunma reseptorlarının söndürülməsi (sinir uclarının keyləşdirilməsi), sinirlərin kəsilməsi, mərkəzlərin tormozlanması yuxuya səbəb olur.
Yuxu - səthi, dərin, uzun, qısa müddətli, fasiləli ola bilər. Bəzən yuxunun başlanğıcı, bəzən isə sonu dərin olur. Yuxu zamanı "növbətçi" mərkəzlər oyaq qalır. Məsələn, ananın -uşağın hərəkətinə, səsinə, dərin nəfəsinə; keşikçinin - ayaq səsinə, xışıltıya, kölgəyə; növbətçi tibb işçisinin dəhlizdəki səsə, xəstə sızıltısına, çağırışına həssas olması və s.
2. Fizioloji olaraq, yuxu - baş beynin qabıq və qabıqaltı nahiyələrinə yayılan tormozlanma kimi qiymətləndirilir. Normal yuxu normal həyat üçün zəmin yaradan prosesdir, onun uzun müddətli, xroniki pozulması sağlamlıq və həyat üçün təhlükəli hallara səbəb ola bilər.
Tədqiqatlar göstərir ki, 20-25 gün ərzində tam ac saxlanan itlər çəkisininin 50%-ni itirsələr də, salamat qalır, amma 10-12 gün yuxusuz qalan itlər diri çəkinin cəmi 5-13%-ni itirdikləri halda, həlak olurlar. 60-80 saat yuxusuz qalanda yorğunluq, həssaslıq, psixi reaksiyaların zəifləməsi müşahidə olunur. Yuxusuz adam 3 – 5 sutkadan sonra zəruri yuxuya gedir. Qəribə də olsa, nadir halda yuxusuz ömür haqqında ədəbiyyatda məlumatlar olduğu qeyd edilir. İnkişafda olan kiçik yaşlı canlılar və həm də körpələrdə yuxuya tələbat daha çoxdur, onlar yuxusuzluğa çox həssas olurlar.
Yenidoğulmuş sutkanın çox hissəsini, 6-12 aylıq - 14 saat, 4 yaşlı - 12 saat, 10 yaşlı 10 saat, yaşlı insan 7-8 saat yatır, qocalara isə 5-6 saat yuxu kifayət edir.
Yüksək sürətli səthi, zəif sürətli dərin yuxu mərhələləri ayırd edilir. Yuxu dövründə bu fazalar 4-6 dəfə təkrarlanır, birbirini əvəz edir. Səthi (yüngül) yuxular zamanı bəzən yuxugörmələr baş verir. Ən dərin yuxu yuxuya getdikdən 2-3 saat sonra və ayılmazdan 2-3 saat əvvəl (səhər saat 5-6 radələrində) olur.
Yuxu dövrlərində orqanizmdə aşağıdakı dəyişikliklər gedir: əzələ tonusu zəifləyir, lakin bəzən hərəki funksiyalar saxlanılır, yatan adam çevrilir, ətraflarını dərbədir; çox vaxt dilin, başqa hiss üzvlərinin funksiyası tormozlanır, lakin bəzi hisslər fəaliyyət göstərir ağrı hiss edilir, bağırsaq, sidik kisəsi qıcıqları qəbul edilir; aşağı qıcıq qapısı səviyyəsi yüksəlir - qıcıqlara ya cavab verilmir, ya da zəif cavab alınır; daxili üzvlərin fəaliyyəti nisbətən sönür (nəbz, arterial təzyiq, ürək fəaliyyəti, tənəffüs, qazlar və maddələr mübadiləsi, böyrəklərin funksiyası zəifləyir, sidik hasilatı azalır; bədən hərarəti 1-1,5 dərəcə aşağı düşür.
I.P.Pavlov dövri yuxunu fəal (aktiv), monoton qıcıqlardan yaranan yuxunu isə qeyri-fəal (passiv) yuxu adlandırır. Uzunmüddətli patoloji, fəsli (letargik) və somnambulik (yuxulu vəziyyətdə gəzmə) yuxunu da passiv yuxu növünə aid etmək olar. Duyğu üzvləri olmayan, yaxud narkoz və s. yolla onların fəaliyyəti söndürülən adamların yuxusu da passivdir.
I.P.Pavlov yuxunu baş beyində mühafizə xarakterli tormozlanmanın yaranması kimi qiymətləndirir. Yuxu ritmlərinin tənzimi beyin kötüyünün torabənzər törəməsi ilə əlaqələndirilir. Ara beyində (görmə qabarı, görmə qabaraltı) yuxu (somnogen) mərkəzləri; beyin yarımkürələri ilə ara beyin arasındakı nahiyələrdə isə oyanıqlıq mərkəzləri müəyyən edilmişdir. Bəzi tədqiqatçılara görə, baş beyində vaxtaşırı olaraq bioloji-fəal birləşmə - "yuxu maddəsi" - neyropeptidlər sintez olunur ki, onun təsirindən insan və heyvanda yuxu vəziyyəti yaranır. Başqa sakit mərkəzlər yatdığı halda, yuxudan qabaq çox oyanmış mərkəzlər tam "yata bilmir", nisbətən az tormozlanır, yuxugörmə əmələ gəlir.
I.P.Pavlova görə, insan ancaq haqqında düşünülən, həyatda baş verə bilən hadisələri yuxuda görə bilər. Hətta, uzun vaxt keçən, uzun müddət unudulan hadisələrin yuxuya "girməsi" də mümkündür. Ən çox isə, yatmış adamı uzun müddət narahat edən, düşündürən, həll edilməsi çətin olan (məsələ həlli, unudulmuşu xatırlamaq), yuxu qabağı ona pis təsir edən (film, nağıl və s.) hadisələr yuxuya girir. Məlumatlara görə fizioloq Otto Levi mediatorlar haqda yarımçıq qalmış fikirlərinin həllini 17 il keçdikdən sonra yuxuda tapmışdır.
Müəyyən yönümlü yuxugörməni süni yolla yaratmaq da mümkündür: yuxuda olana isti, soyuq, kəskin iy və s. qıcıqlar verməklə yanğın, donma, bağça və s. mənzərəli yuxugörmələr yaratmaq olar. Hətta, rəngli yuxuların görülməsinin mümkünlüyü də inkar edilmir.
Yenidoğulmuş 20 saat monofazalı yata bilər. Böyüdükcə yuxu fazaları meydana çıxır. Yenidoğulmuş yuxusunda yüngül (paradoksal) faza 84% təşkil edirsə, yaşa dolduqca bu faza qısalır, yeniyetmədə 20% səthi yuxu mərhələsi olur ki, bu dövrdə yuxugörmə ehtimalı çox olur.
Hipnotik (hipnoz) yuxunun mexanizmi hələ də tam aydınlaşdırılmamışdır. Bu, bir adamda digər şəxs tərəfindən yaradılmış natamam yuxudur. Monoton qıcıqların (səs, işıq, əl hərəkəti və s.) vasitəsilə müəyyən (lazımi) mərkəzlər oyaq saxlanmaqla, ətrafdakı başqa mərkəzlər tormozlandırılır.
Beyin mərkəzləri hələ tam formalaşmadığı üçün 5 yaşınadək uşaqlar hipnoza düşmür, çünki, verilən qıcıqların yaratdığı tormozlanma bütün mərkəzlərə yayılır, seçici təsir göstərə bilmir.



Ardı var...
Ə.Sevinc