5 iyun 1971-ci ildə Dorçesterdə (Massaçusets ştatı, ABŞ) anadan olub. Həmkarlar İttifaqı fəallarından birinin çoxuşaqlı ailəsində dünyaya göz açan Mark ailədə doqquz uşaqdan ən kiçiyi idi. 16 yaşında Mark məktəbi yarımçıq qoyur. O, xırda oğurluqlar və narkotik satışı ilə məşğul olurmuş. Bənna işləməyə də macal tapan yeniyetmə bir ara qanunla da müəyyən problemlər yaşayıb. İki il sonra bir vyetnamlını vəhşicəsinə döydüyü üçün onu həbs edirlər. Qardaşı Donni ilə birlikdə bir müddət "New Kids on the Block" qrupunda çalışan Mark Uolberq tezliklə "Marky Mark and the Funky Bunch" adı ilə öz qrupunu yaradır. Onun "Good Vibrations" adlı sinqlı geniş populyarlıq qazanır. 1992-ci ildə Mark Uolberq model biznesində də uğurlu debüt edir. O, Keyt Mossla birlikdə "Calvin Klein" markası üçün açıq-saçıq alt paltarlarını reklam etməsi ilə yadda qalıb. 1993-cü ildə isə populyar müğənni ilk dəfə özünü aktyor kimi sınaqdan keçirir və "Əvəz" telefilmində oynayır. Bu rol diqqəti bir o qədər cəlb etməsə də, bunu onun sonrakı obrazları barəsində demək olmaz. Baş rolu Denni De Vitonun oynadığı "İntibah dövrünün adamı" və "Basketbolçunun gündəliyi" adlı idman dramında Mark Uolberq özünü aktyor kimi sübut edir. Tezliklə Mark Uolberq Ceyms Follinin "Qorxu" filmində baş rola dəvət olunur. Burada onun tərəf-müqabili aktrisa Riz Uizerspun idi. Amma Mark Uolberq üçün "böyük kino" istiqamətində əsl sıçrayış Pol Tomas Andersonun "Bugi gecələri" filmində Dirk Diqler obrazını oynaması ilə baş verir. Bu film 1970-ci illərin pornofilm sənayesinə həsr edilib. Aktrisalar Riz Uizerspun, Çayna Çou və Cordano Brüsterlə görüşən aktyor səkkiz il görüşəndən sonra model Ria Düremlə ailə qurur. Onların iki qızı, iki oğlu var.