Digər aylarda edilməsinə icazə verilən əməlləri Məhərrəm ayında da etmək olar. Məhərrəm ayında yas saxlamaq Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmadığı, İslama sonradan gətirilmiş yeniliklərdəndir (bidət). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bizim bu işimizə aid olmayan bir şeyi ona əlavə edərsə, etdiyi qəbul olunmayıb, rədd olunar". (əl-Buxari 2697; Muslim 1718).
Əslində, İmam Hüseyndən (Allah ondan razı olsun) daha üstün olan peyğəmbərlər (Allahın onlara salamı olsun), sonuncu peyğəmbər Muhamməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və İmam Əli (Allah ondan razı olsun) üçün yas saxlanılmır, halbuki onların bir çoxu faciəvi şəkildə qətlə yetirilmişdilər. Əli namaz qıldığı vaxt xaincəsinə öldürülmüş, onun qardaşı Cəfər ibn Əbu Talib, İmam Hüseyn (Allah onların hamısından razı olsun) hələ balaca olanda şəhid edilmiş, döyüş zamanı onun qolları kəsilmişdi. Peyğəmbərlər, əhli-beyt və şəhidləri sevmək və onların ruhuna hörmətlə yanaşmaq vacib olsa da, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) 3 gündən artıq yas saxlamağı qadağan etmişdir. Zeynəb bint Əbu Sələmə (Allah ondan razı olsun) demişdir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcəsi Ummu Həbibə anamızın (radıyəllahu anhə) atası vəfat edəndə başsağlığı vermək üçün yanına getdim. Bu zaman dedi ki: "Rəsulullahın (salləllahu aleyhi və səlləm), (Allaha və axirət gününə inanan bir qadının, ölən yaxını üçün üç gündən artıq yas tutması halal deyildir) dediyini eşitdim. Zeynəb bint Cəhşin qardaşı (Allah onlardan razı olsun) şəhid olanda da o da eyni şeyləri söylədi. Yalnız qadın əri üçün dörd ay on gün (yas saxlaya bilər)". (əl-Buxari, 1281).
"Ölünü tərifləyərək ağlamak cahiliyyət adətidir". (əl-Buxari, 1296; İmam Əhməd, 18659; İbn Məcəh, 1592).
"Ölü, yaxınlarının ona bağıraraq ağlamasından əzab-əziyyət (sıxıntı) hiss edər". (əl-Buxari, "Cənaiz" 43; Muslim, "Fədail" 62; İbn Məcəh, "Cənaiz" 53; ən-Nəsai, "Cənaiz", 13; ət-Tirmizi, "Şəmail", səh. 267).
"Yas tutan şəxs, ölmədən öncə tövbə etməzsə, qiyamətdə şiddətli əzab görər". (Muslim).
"Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (əl-Buxari, 1294).
"Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (əl-Bu­xari, 1291).

Bu ayda yas saxlamaq qadağan olduğu üçün, digər aylardakı kimi bəzənmək, toy etmək və elçi göndərmək və s. etmək olar. Ad günü keçirmək isə heç bir ayda olmaz, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) özünün və ya başqalarının ad gününü keçirməmiş və bunu əmr etməmiş, səhabələr və onlardan sonra gələnlər də bunu etməmişlər. Həmçinin oxuyun:
Ad günü qeyd etmək olarmı?
Dırnağa lak çəkmək olarmı?
Məhərrəm ayında Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu bəyənilən əməllərdən biri də ayın 9-10-u və ya 10-11-i oruc tutmaqdır. Rəvayətə görə Mədinə şəhərinə hicrət etdikdə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) oradakı yəhudilərin Məhərrəm ayının onuncu (aşura) günü bayram keçirdiklərini görüb bunun səbəbini soruşur. Yəhudilər cavab verirlər ki, bu gün Musanın (Allahın ona salamı olsun) başçılığı altında "Bəni-İsrail"in (İsrail oğullarının) fironun təqibindən xilas olduğu gündür. Bu münasibətlə yəhudilər həmin günü bayram edir və oruc tuturlar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Musaya mən sizdən (yəni yəhudilərdən) daha layiqəm (yəni, Musa Peyğəmbərin (aleyhi-s-sələm) ənənəsini davam etdirməyə mən sizdən daha layiqəm)". Bundan sonra Məhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutmağı müsəlmanlara tövsiyə edir. (əl-Buxari: "Oruc" fəsli, hədis nömrə: 2004).
Aişə (Allah ondan razı olsun) buyurur ki, bu fikir, yəni aşura günü oruc tutmaq ənənəsi, cahiliyyə (islamdan öncəki dövr) dövründə də mövcud olub. Ərəblər hər ilin aşura günündə Kəbənin üzərinə örtük (kisvə) salır və oruc tuturdular. İslamın ilk dövrlərində də müsəlmanlar aşura günü oruc tuturmuşlar. Ramazan orucu fərz olandan sonra aşura gününün orucu qüvvədən düşdü; istəyən həmin gün oruc tutur, istəməyən tutmurdu. (əl-Buxari, 2001-2002)