Hamiləlik dövrünü yaşayan hamilələrdə, habelə yenicə doğuş keçirmiş zahı qadınlarda hormonal balansdakı tarazlıq bir neçə istiqamətdə pozulmaqdadır, bunlardan ən əsası estrogen-progesteron nisbətindəki dəyişilmələrdir.
Adıçəkilən dəyişiklik bilavasitə qadın cinsiyyət sisteminə təsir göstərərək müxtəlif fizioloji proseslər şəklində izlənilir, onlardan biri də ginekoloji müayinələr fonunda asanlıqla aşkar olunan uşaqlıq yolu axıntısının (vaginal ifrazatların) bioloji xüsusiyyətlərinin özünəməxsus fərqləndirici hal almasıdır.
Belə ki, progesteron hormonunun təsiri ilə hamiləliyin ilk 5-6 ayında uşaqlıq yolunda az miqdarda qatı, şüşəvari, şəffaf, bəzi hallarda ağımtıl ifrazatlar yaranır, əgər bu ifrazatlar qoxusuz və ya az qoxulu olub hamiləni narahat etmirsə, bunu normal hal kimi - hamiləliyin ilk əlamətlərindən biri olaraq dəyərləndirilmək mümkündür.
Əgər uşaqlıq yolu ifrazatları kəskin qoxuludursa, əvvəl sarımtıl-sarı, daha sonra yaşıl rəng alırsa, çürümüş südə bənzər və bol miqdardadısa, eyni zamanda vaginal qaşınma, göynəmə, qızarıqlıq və digər xoşagəlməz hisslər ilə müşayiət olunarsa, bu hal infeksion-iltihabi prosesin yaranması və mövcud hamiləliyin risk altında olmasından xəbər verir. Bu simptomları izlədikdə dərhal mütəxəssis köməyinə müraciət edilməli, təcili müalicə götürülməlidir.
Hamiləliyin ikinci yarısında ciftin fizioloji inkişafı ilə əlaqədar olaraq, azalmış progesteron səviyyəsi fonunda ana orqanizmində estrogen hormonunun çoxmiqdarlı endogen hasilati baş verir və bu, normal dinamikada özünü cinsiyyət orqanlarından axan bol miqdarlı rəngsiz və ya ağamtıl ifrazatlar şəklində göstərir.
Əgər bu ifrazatların konsistensiyası, rəngi və həcmi dəyişilərsə, həmçinin vaginal qaşınma, yandırma və digər xoşagəlməz simptomatika izlənilərsə demək ki, cinsiyyət orqanlarının yerli infeksion xəstəlikləri baş qaldırmışdır. Bu cür dəyişikliklərin ən çox rast gəlinən səbəbi vaginal kandidoz hesab edilir. İfrazatlar kəsmiyəbənzər, pivə qoxulu axıntı şəklində qeyd olunur. Həmçinin prosesə şərti-patogen mikroflora da əlavə oluna bilər, çünki hamiləlik zamanı immunitetin təmamilə zəifləməsi baş verir.
Kəsmikvari ifrazatın (göbələyin) profilaktikası üçün hamilələrə süd məhsulları daxil olmaqla probiotiklərin qəbulu tövsiyyə edilə bilər. Əgər patologiyanın inkişafının qarşısı alınmırsa, bu zaman antifungal (göbələk əleyhinə) terapiya da təyin olunur.
İfrazatların daha bir mənbəyi bakterial vaginozdur. Bu fonda vaginal axıntılar sulu konsistensiyalı, rəngsiz və kifayət qədər xoşagəlməz iylidir.
Əgər, dinamik izlənilmələrdə uşaqlıq yolu ifrazatlarına qarının aşağı hissəsində yaranmış ağrılar da əlavə olunursa, bu hal hamilə qadının təcili hospitalizasiyasını tələb edir, çünki uşaqlıqdan kənar hamiləlik riski və özbaşına düşük təhlükəsi qaçınılmazdır.
Hamiləlik zamanı sarı ifrazatların izlənilməsi də norma sayıla bilməz, lakin əgər kəskin qoxu, yandırma, qaşınma və ağrılar kimi simptomlar müşahidə olunmursa ola bilsin ki, bu hal hamilə qadın üçün narahatçılıq törətməsin. Əks halda dərhal mama-ginekoloqun qəbuluna düşmək lazımdır.
Əgər ifrazatlar tünd sarı rəngdədirsə bu cür patoloji əlamətin yaranmasının bir neçə səbəbi vardır. İlk olaraq hamiləliyin və ya digər amillərin təsiri altında kəskinləşən müxtəlif xarakterli iltihab proseslərinin olması aşkar edilir ki, bu da öz növbəsində immunitetin zəifləməsinə, patoloji mikroorqanizmlərin uşaqlıq yoluna nüfuz etməsinə və orada toplanmasına zəmin yaradır. Tünd sarı ifrazatların meydana gəlməsi hamiləliyin öz-özünə pozulması nəticəsində də yarana bilər.
Əgər ifrazatların rəngi yaşıla kimi dəyişirsə, yaranmış problem ciddi pozulmaların inkişaf etməsindən xəbər verir. Məsələn, bu zöhrəvi xəstəliklərin olmasını göstərə bilər. Onlar üçün həmçinin qaşınmanın, sidik ifrazatı zamanı ağrıların, həmin nahiyədə yandırma hisslərinin əmələ gəlməsi xarakterikdir.
Hamiləlik dövründə spesifik sarı ifrazatlarla təzahür olunan bir çox infeksiyalar və iltihabi xəstəliklər hazırki hamiləliklə əlaqədar meydana çıxmır, onlar əvvəlcədən vardır və hamiləlik zamanı sadəcə kəskinləşir. Ona görə də arzuolunan hamiləliyin əsası qoyulmamışdan əvvəl gələcək ana namizədi kompleks müayinələrdən keçməlidir. Bu orqanizmin durumunu müəyyən etməyə, müxtəlif patoloji vəziyyətləri və xəstəlikləri aşkar etməyə və onların aradan qaldırılmasına kömək edəcəkdir.
Hamiləlik zamanı qadılarda gözlənilmədən və nisbətən az hallarda izlənilən qəhvəyi və qırmızı rəngli vaginal ifrazatların səbəbləri sırasına uşaqlıqdan kənar hamiləlikləri, vaxtından qabaq baş vermiş düşüklər və vaxtından qabaq doğuşları (yarımçıq uşaq salma), həmçinin cift patologiyalarını şamil etmək mümkündür. Bu kifayət qədər ciddi durumdur, hamilə qadın mütləq stasionar şəraitində həkim nəzarəti altında kompleks müalicə almalı, ciddi yataq rejimi təyin olunmalı, istənilən emosional və psixoloji yüklənmələrdən uzaq saxlanılmalıdır.
Doğuşun hansı üsulla icra edilməsindən asılı olmayaraq, yeni doğan zahı qadının cinsiyyət yollarından qanlı ifrazatlar müşahidə olunur ki, bunlara basqa cür "loxiya"lar demək olar. Loxiyalar adətən, ciftin uşaqlığın daxili divarına birləşdiyi yerdə formalaşan həyat qabiliyyətinə malik olmayan qopan toxumalar olub, zahılıq dövründə endometriumun sağalma prosesindən xəbər verməkdədir. Loxiyaların dinamikada izlənilməsi müsbət hal olub, zahılıq dövrünün fəsadsız keçməsi deməkdir. Loxiyaların xüsusiyyətləri, davamlılığı və rəngi zaman keçdikcə fizioloji olaraq dəyişir - vaginal ifrazatların miqdarı doğuşdan sonrakı üçüncü həftədən etibarən zəifləyir və azalır, 5-6cı həftədən etibarən kəsilir. Rəng xüsusiyyəti isə al-qırmizi rəngdən sarımtıl-ağ rəngli axıntılaradək çevrilmə tərzində izlənilir, onların tərkibinə servikal kanaldan olan selik qatqısı qatışaraq şüşəvari xarakterli selik şəklində ifraz olunurlar.