Hamilə olduğumuzu bildikdə ginekoloqa nə vaxt müraciət etməliyik?
Əgər xanımların menstrual tsiklləri requlyardırsa, günü keçmiş xanımlarda, əlbəttə, hamiləlik testi edirik və test müsbət olduğu halda dərhal ginekoloqa müraciət etməsi tövsiyə olunur.
İlk müayinəmiz ultrasəs müayinəsindən ibarətdir və bu zaman biz döl kisəsini uşaqlıq içərisində izləyirik.
Bundan sonrakı müayinələrimiz 12-ci həftəyə qədər qan və sidik analizindən ibarətdir.
Skrininq testlər haqqında xüsusi qeyd eləmək istəyirəm ki, onların zamanını keçirmək olmaz. İkili, üçlü və dördlü testlərimiz olur. İkili test daha həssas hesab olunur.
Dölün detaylı ultrasəs müayinəsi vaxtlarını qeyd etməliyəm. İlkin müayinələrimiz 11-13-cü həftələrdə, daha sonra 18-23-cü həftələrdə bu müayinələr məqsədəuyğundur.
Riskli hamiləliklərdə isə bu detaylı ultrasəs müayinələrinin sayını artıra bilərik.
Hamiləlik zamanı uşaqlıq yolundan qanlı və ya qəhvəyi axıntının olması normaldırmı?
Bu əslində normal hesab olunmur.
Əlbəttə, bu axıntılar hamiləliyin erkən dövrlərində və gec dövrlərində müşahidə oluna bilər. Erkən dövrlərdəki hamiləlikdə bu şikayətlərin əsas səbəbi düşük, inkişafdan qalma, digər səbəb progestron çatışmazlığı, endometriumdaki hər hansı bir patologiya və yaxud da ki, uşaqlıq boyunda ektropiona bağlı ola bilər.
Əksər xanımlarda hamiləlik, yəni bu şikayətlərlə müraciət olan hamiləliklərdə xanımlar hamiləliklərini sona çatdıra bilirlər. Sadəcə bu qərarı onların ginekoloqları verə bilər.
Bu şikayəti olan xanım dərhal öz həkimi ilə əlaqə saxlamalıdır, müayinəyə yaxınlaşmalıdır və ultrasəs müayinədə sadəcə biz o zaman dəqiq qərar verə bilirik ki, burada risk nə dərəcədədir və sonrakı təyinatlarımızı müəyyən edib, daha sıx müşahidələr apara bilirik.
Gec dövrün qanamaları daha riskli hesab olunur. Burada plasentada qopma, hematom sahəsinin əmələ gəlməsi, vaxtından əvvəl doğuşun əlaməti ola bilər. Ona görə də diqqətli yanaşmaq lazımdır.
İkili, üçlü, dördlü testin nəticəsi yaxşı gəlməsə, nə etməliyik?
Digər bir sual: Skrininq testlər dediyimiz ikili, üçlü, dördlü testlər zamanı əgər testin nəticəsi yüksək risk qrupu gəlirsə, yəni nəticəmiz loru dildə desək “pis gəlirsə” nə etməliyik?
Bu analizin açılışı nə deməkdir?
Məsələn, nəticəniz gəlib ki, 1/50 nisbətində riskiniz var. Yəni sizin yaş qrupunuzda və sizin göstərişlərinizlə 50 xanımdan sadəcə birində dölün genetik xəstə doğulma riski var. Və dərhal həyəcanlanmağa ehtiyac yoxdur, müayinələrimizi dərinləşdiririk, aminiosentez və yaxud da ki kordosentez icra olunur. Və yalnız bundan sonra diaqnoz təsdiqlənər və yaxud da inkar oluna bilər.
Dəqiq doğum tarixi necə müəyyən olunur?
Ümumiyyətlə, hamiləliyin özü 40 həftə davam edən çox maraqlı və macəra dolu bir dövrdür hər bir qadının həyatında… Və biz bu zaman sadəcə təxmini doğum tarixi müəyyən edə bilirik, çünki hətta cinsi əlaqədə olduğunuz günü xatırlasanız belə mayalanma 3 gün sonra baş vermiş ola bilər.
Bununla bağlı biz xanımın son adət tarixini, menstrual tsiklin uzunluğunu və eyni zamanda ilk ultrasəs müayinənin nəticələrini diqqətə alırıq. Biz, ümumiyyətlə, hamiləliyin 38 və ya 41-ci həftələri arasında doğumu gözləyirik normalda. Bu zaman biz müşahidələrimizi daha sıx aparırıq. Nonstress testimizi edirik, hamilə qadına gündəlik dölün hərəkət aktivliyi haqqında bizə məlumat verməsini və nəzarət etməsini tövsiyə edirik.
Vaxtı ötmüş hamiləlik nədir?
Vaxtı ötmüş hamiləlik – müddətin 42 həftəyə qədər uzanması nəzərdə tutulur.
Bu zaman biz döldə dölyanı mayenin həcminin həddən artıq azalması, dölün dərisində quruluğun və qırışların əmələ gəlməsi, eyni zamanda kəllə sümüklərin sərtləşməsi kimi əlamətlər qeyd edirik.
Hamiləlik zamanı köp və qəbizliyin səbəbi nədir?
Hamiləliyin müxtəlif dövrlərində qadınlarımızı narahat edən bir şikayət də köp, yəni meteorizmin, eyni zamanda qəbizliyin artmasıdır. Bunun səbəblərini izah etmək istəyirəm.
Belə ki, hamiləlik zamanı progestron adlandırdığımız hormonun miqdarı yüksək olur və nəticədə bağırsaq əzələlərinin peristaltikası, yəni aktivliyi azalır. Bununla bağlı da qəbizliyə və meteorizmə meyillilik yaranır qadınlarda.
Digər bir səbəbi uşaqlığın hamiləliyin irəliləyən həftələlərində sürətlə böyüməsi nəticəsində bağırsaqların öz yerlərini dəyişməsi və yerinin daralması ilə bağlı hərəkət aktivliyinin azalması ilə izah edirik.
Hamiləlik zamanı ürəkbulanmanın səbəbi nədir?
Bunların əksəriyyəti hamiləliyin erkən dövrlərində müşahidə olunur ki, hamiləlik toksikozu deyirik, erkən dövrün toksikozlarını qeyd edirik…
Əsas səbəb hamiləlik hormonu olan xorionik qonadotropinin qanda çox sürətlə artmasıdır. Və bu artma 12-ci həftəyə qədər davam edir, daha sonra eyni səviyyədə hamiləliyin sonuna çatır. Hormonların həddən artıq sürətli artması, hamilə qadınlarda ürəkbulanma, yuxululuq, halsızlıq kimi şikayətlər verə bilər.
Hamiləliyin irəliləyən dövrlərində ürəkbulanmanın və mədədə həssaslığın səbəbi isə qeyd etdiyimiz kimi, uşaqlığın həddən artıq sürətlə böyüməsi və mədə-bağırsaq sistemi təzyiqlə bağlıdır.
Hamilə qadınların qidalanma rejimi necə olmalıdır?
Biz hamilə qadınlarımıza az-az və tez-tez qidalanma tövsiyə edirik. Eyni zamanda buxarda və sobada bişmiş qidalar məsləhətlidir. Mövsümə uyğun meyvə, tərəvəz, ağartı məhsulları, eyni zamanda həftədə ən azı 3-4 dəfə mal əti və balıq, yəni dəniz məhsulları qida rejiminə daxil edilməlidir.
Bununla yanaşı, havada gəzinti, gün ərzində ən azı 2 saat müddətində təmiz havada gəzinti və qəbul edilən mayenin miqdarına xüsusi diqqət etmək lazımdır.
Belə ki, günlük qəbul olunan mayenin miqdarı 1,5-2 litrə qədər olmalıdır. Bu yalnız sudan ibarət deyil, bunlara həmçinin gündəlik qəbul etdikləri şorba, meyvə şirələri və meyvələr daxildir.