2020-ci İlin Ən Yaxşı 10 Serialı!2020-ci İlin Ən Yaxşı 10 Serialı!https://duz.az/37423-2020-ci-lin-en-yaxshi-10-seriali.htmlhttps://duz.az/uploads/posts/2021-04/thumbs/1617552094_loading.az_oqo.jpg
Qəbul etmək lazımdır ki, 2020-ci il bizlər üçün ideal il olmadı. Amma pandemiya səbəbilə olan karantin bizi bir çox film və serialı izləməyə məcbur etdi. Baxmayaraq ki, 2020-ci ildə Dünyanın hər bir yerində qapanmalar olmuşdu, kino sektoruna bu ciddi təsir etmədi. Geridə qoyduğumuz ildə olduqca maraqlı və fərqli janrlarda bir çox film və serial izləyicilərə təqdim olundu. Bu dəfəki yazımız isə 2020-ci ildə çıxan müxtəlif meyarlara görə sıralanmış ən yaxşı 10 serialla bağlıdır. Ən yaxşı 10 olsa da, serialların hər biri möhtəşəm olduğundan sıralama rastgələ edilib.
10. HOW TO WITH JOHN WILSON HBO-ya məxsus olan serial, həqiqətən, daha əvvəl izlədiyiniz heç bir seriala bənzəmir. Bəli, doğru oxuyursunuz, amma bu dediyimiz klassik reklamlardakı ifadələrdən deyil. Serialın rejissoru və ssenaristi John Wilson-dur. Serialda sonradan əlavə edilmə hər hansısa bir element yoxdur. John Wilson 2 il boyunca New-York şəhərində hər gün qarşılaşdığı maraqlı hadisələri videoya çəkib və haqqında bəhs etdiyimiz serial da bu videolar əsasındadır. Serialı təsvir eləmək çox çətindir, lakin serialı izləyənlərin ortaq bir fikri var: “O… Bəzən otururuq və insanlara baxırıq. İki nəfər söhbət edir. Beyninizdə o insanlar nəyi müzakirə elədiyini düşünərsiniz. Bəzən söhbət gərginləşər və ya həmsöhbətlərdən biri qəribə bir şey edər. Bundan sonra biz tamam fərqli düşünməyə başlayarıq, xəyal gücümüzün limitlərini genişləndirməyə çalışarıq”. İzləyənlərin fikrincə, bu serial da bizi bunu etməyə məcbur edir.
Məsələn, serialın ilk seriyasında John insanlarla necə söhbət edəcəyini öyrənməyə çalışır. Növbəti hər seriyada isə küçədə rast gəldiyi hər insandan yeni bir şeylər öyrənməyə çalışır. Ancaq seriyalar həmişə bu sualları cavablamır. “Necə söhbətə başlayarıq?” adlı seriya münasibətlərimiz və həyatla bağlı olduqca maraqlı məqamları bizə təqdim edir. Bu serialı izlədikdə inanılmaz dərəcədə sakitləşəcəksiniz və özünüzü meditasiya etmiş kimi hiss edəcəksiniz.
9. THE LAST DANCE Netflix istehsalı olan The Last Dance serialı olmuş hadisələri lentə alıb və əfsanəvi basketbolçu Michael Jordan-ın həyatından bəhs edir. Serial Jordan-ın həyatından bəhs edir və burada izləyən hər kəsin ilk dəfə gördüyü səhnələr var. Deyilənlərə görə, Jordan ilk vaxtlar belə bir serialın çəkilməsini istəmirdi. Sonradan LeBron James-in bir çox insan tərəfindən tarixin ən yaxşı basketbolçusu olması və James-in yeni Space Jam filmində baş rol oynaması Jordan-ı fikrindən daşındırır. Michael Jordan nə qədər möhtəşəm olsa da, onu tanımayan, LeBron-un ulduz olduğu bir dövrdə yaşayan bir generasiya var idi. Amma bu serialdan sonra Jordan yenə məhşurluğunun pik səviyyəsinə çatdı. Markası Air Jordan da satışlarda böyük qazanc əldə etdi. Serialın izləyənlər tərəfindən bu qədər sevilməsinin səbəbi Jordan-ın karyerasının gərgiliyi möhtəşəm formada izləyiciyə təqdim edilməsidir.
8. BİR BAŞKADIR Bir Başkadır serialında həyatı bir-biriləri kəsişən bir neçə insanın hekayəsindən bəhs edilir. Bu serial da Netflix və qardaş ölkə Türkiyə istehsalıdır. Türkiyəli izləyicilərin bir çoxunun fikrincə, bu serial Netflix-dəki ən yaxşı türk serialıdır. Serialın bu qədər çox sevilməsinin səbəbi isə, serialda hər kəsin bir-birini düşmən gördüyü bir dövrdə insanları kateqoriyaya bölmədən, insan olaraq göstərilməsidir. İçimizdə tutduqlarımız, peşmanlıqlarımız, önyarğılarımız… Hamısı bu serialda var. Bir Başkadır izləyərkən kitab oxuyurmuş kimi hiss etdirən və insanı düşündürən bir serialdır.
7. RICK AND MORTY Hazırda davam edən seriallar arasında ən yaxşı seriallardan olan Rick and Morty bir neçə ildir davam edir. Lakin sonuncu sezonu məhz 2020-ci ildə çıxdı və bu səbəbdən siyahımızdadır. Rick and Morty yetkin insanlar üçün olan animasiya serialıdır. Cartoon Network telekanalının istehsalı olan serial uşaqlar üçün bir o qədər də uyğun deyil. İzləyənlərin serialı sevmə səbəbi isə hər seriyada olduqca maraqlı hadisələrin baş verməsidir. 2013-cü ildən başlayan serial 18+ kateqoriyasına aid olsa da, böyük-kiçik ayrımı olmadan böyük bir kütlə tərəfindən maraqla izlənir.
6. BOJACK HORSEMAN Netlfix rəhbərliyinin təzyiqlərinə görə 1 sezon daha tez yekunlaşan BoJack Horseman yetkişlər üçün çəkilmiş başqa bir animasiya serialıdır. 2014-cü ildə başlayan serialın yanvar ayında son sezonu yayımlandı və bununla da serial yekunlaşdı. Serial özündə bir çox şeyi ehtiva edirdi. Serialda keçmişdə məhşur olmuş bir aktyorun həyatı izləyicilərə nümayiş edilir. Serial hər nə qədər gülməli olsa da, bir o qədər də psixolojik baxımdan dərindir. “Bir çoxumuz çox çalışmaq, çox yaxşı bir insan olmaq istəyirik. Ancaq yaşadığımız bəzi şeylər və alışqanlıqlarımıza görə həmişə özümüzə mane oluruq. Özümüzə mane olduğumuzun fərqində olsaq da, alışqanlıqlarımızdan əl çəkə bilmir, keçmişdə yaşadığımız şeylərin təsirindən çıxa bilmirik. Nəticədə həyatımızı istədiyimiz formada davam etdirə bilmirik”. BoJack bu tərz hissləri izləyiciyə çatdırmaqda çox uğurlu olduğu üçün bir çoxları tərəfindən sevilir.
5. HARLEY QUİNN DC şirkəti hər nə qədər filmlərində uğursuz olsa da, çizgi-romanlar, animasiyalar və bir çox kateqoriyada olduqca uğurludur. Serialın ilk sezonu uğurlu olmasa da, 2020-ci ildə yayımlanan ikinci sezon izləyicilərin rəğbətini qazandı. Rick and Morty və BoJack Horseman serialı da animasiyadır. Lakin bu serial daha çox aşağı yaş qrupu üçün nəzərdə tutulub.
4. THE HUNTİNG OF BLY MANOR Netflix istehsalı olan bu serial fərqli janrdadır. Fantastik və qorxu janrında olsa da, izləyənləri bir o qədər də qorxuda bilməmişdi. Serial özündə daha çox eşq və sevgi motivlərini ehtiva edirdi. Serialın məlumatlarında janrına qorxu janrı yazılması insanlarda önyarğı yaratdı. Buna görə də, bir çoxları serialı izləmədi, lakin izləyənlər serialı bəyəndi və onlara olduqca xoş hisslər yaşatdı.
3. I HATE SUZIE Sky Atlantic istehsalı olan serial dram-komediya janrındadır. Serialda məhşur, amma çox da uğurlu olmayan bir aktrisanın həyatından bəhs olunur. Serial bu aktrisanın özəl, daha dəqiq desək, məhrəm şəkillərinin internetə sızmasından sonra başlayır. I Hate Suzie-nin ilk seriyası xaos, gərginlik və yüksək templə başlasa da, sonrakı seriyalarda sakitlik yaransa da, serial sizi güldürməyə, əyləndirməyə və təəccübləndirməyə davam edir. Serialın komediya və dram arasındakı gediş-gəlişi izləyicilər tərəfindən çox sevildi. Həmçinin baş rolumuz Suzie-nin də nələri edəndə özünə mane olması izləyicinin serialla arasında bağ qurmasına kömək oldu.
2. NORMAL PEOPLE BBC şirkətinin çəkdiyi serial Sally Rooney-in eyni adlı romanı əsasındadır. Romantik janrda olan bu serial sözügedən janr üçün ideal seriallardandır. Çünki romantik janrda olmalı olan hər bir detal bu serialda var: rollarını məharətlə canlandıran gözəl və yaraşıqlı aktrisa və aktyorlar, yaxşı ssenari, özlərini, məqsədlərini tapa bilməmiş insanların aşiq olması, eşqdən əlavə; həyatın insanların qarşısına çıxardığı çətinliklər. Bu sadaladıqlarımız sayəsində izləyici və serial arasındakı o bağ quruldu və Normal People serialı böyük rəğbət qazandı.
1. THE QUEEN’S GAMBIT Netflix istehsalı olan The Queen’s Gambit-in çıxması 2020-ci ildəki ən möhtəşəm hadisələrdən biri oldu. Eyni zamanda bu serialın çıxmasıyla bir anda hər kəs şahmat maraqlısı oldu. Gənc bir qızın şahmat ustası olmağı istəməyini lentə alan serialdan sonra şahmat taxtalarının satışlarda 300% bir artım müşahidə olunmuşdur. Bununla yanaşı, onlayn şahmat saytlarında rekord sayda yeni istifadəçi hesabları açılmışdır. Serialdakı şahmat oyunları səhnələri sanki aksiyon filmiymiş kimi çəkilib. Buna baxmayaraq, serialı izləmək üçün şahmatı bilməyinizə gərək yoxdur. Aktyor və aktrisaların peşəkarlığı sayəsində serialda baş verənləri onların mimikalarından anlaya bilərsiniz. Serialı bitirdikdən sonra isə baş rolumuzun, Beth Harmon-un hər oyunda yanında Siz olmusunuzmuş kimi hiss edirsiniz. The Queen’s Gambit-də baş rolumuz böyük gərginliklər yaşasa da, serialda bu, çox sadə formada göstərilir. Başlığı yazarkən sıralamamız rastgələdir desək də, The Queen’s Gambit açıq bu siyahıda olan seriallar içərisində ən yaxşısıdır.