Bu gündən ayrıldıq… Əllərini əlimdən elə çəkdin ki… Soyuqluğun qəlbimə üşütmə saldı. Özümü sənin yanında nə qədər dözümlü və soyuqqanlı göstərsəm də, ürəyimlə bacara bilmədim. Səndən ayrılandan sonra gözlərimdən axan damla-damla yaşlar yanağıma süzüldükcə qəlbim sakitləşirdi. Yaz yağışı bənövşəni isladaraq onun ləçəklərini yuyub təmizləyən kimi ruhum təmizlənir, qəlbim rahatlanırdı, aramızda olub-keçənləri düşündükcə, sənə qarşı qəlbimdəki məhəbbətim də öləziyirdi. Dünya gəlimli-gedimli olduğu kimi, ürək də təzadlıdır. Məhəbbətim öldükcə yerinə nifrət doğulurdu.
Həyatda hər şeyin səbəbkarı özümüz olsaq da, nəticəsi bizdən asılı olmur. Bilirəm, yolumuz bir daha birləşməyəcək. Xatirələr isə yaşayacaq. Qoy onlar mənimlə, xoşbəxtlik və gülüş isə səninlə olsun. Mən könül bağında viranəliyə bağban olmağa adət etmişəm. Dərd çəkmək sənə görə deyil. Dərd çəkən insanın gərək o qədər böyük ürəyi, tükənməz səbri, möhkəm iradəsi olsun ki, bu ağır yükə dözə bilsin. Dözüm isə Tanrı payıdır. O, kiminə gözəllik, kiminə ağıl, kiminə istedad, kiminə də bütün bunlarla bərabər səbr verir. Unutma ki, Allaha ən yaxın səbrli olanlardır. Sənsə mənəmlik iddiasındasan.
Həyatda dövrün axarına düşənlər saralan yarpaqlara bənzəyir. O yarpağm taleyi həm rüzgardan, həm də dövrandan asılıdır. Ona görə də sonu bilinməyən yola çıxmaqdansa, könül sarayının xarabalığında bir daş olmaq yaxşıdır. Çünki ağır daşı sel də yerindən oynada bilmir. Sən isə hara istəyirsən get. Get, bəlkə axtardığın səadəti taparsan. Mən qəlbimlə bacararam.

Xuraman Vəfa