reklam
Nədən qorxursan? Nədən qorxursan? https://duz.az/uploads/posts/2021-02/thumbs/1612266403_loading.az_avatar-1.jpg
ice berg

ice berg Hekayələr 2-02-2021, 16:00 Sura İskəndərLi-KaranLık.. dinləyir.

Nədən qorxursan?

Nədən qorxursan?
Qorxuları yenmək üçün onları dilə gətirmək, sözə çevirmək, danışmaq, yazmaq lazımdır. Mən nədən qorxuram? İlk öncə “Heç nədən!” deyərəm. Sonra durub fikirləşərəm, mən nədən qorxuram? Fikirləşdikcə də qorxularımın sayının nə qədər çox olduğunu görərəm, nə yaman qorxaq imişəm mən.

Mən yanlış anlaşılmaqdan qorxuram. Fikrimi düz ifadə etmərəm,kimsə səhv başa düşər,kimisə səhv başa salaram, olduğumdan daha ciddi, daha yüngül qavrayarlar məni, düzgün qiymətimi verməzlər deyə qorxuram.

Mən unudulmaqdan qorxuram.Yaddan çıxar, heç olmamış kimi, kimsənin yaddaşında, ürəyində qalmaram, gedəndən sonra yerim boş qalmaz deyə qorxuram.


Mən zəifə alınmaqdan qorxuram. Gücümü göstərə, nəyə qadir olduğumu nümayiş etdirə, əsl potensialımı sübut edə bilmərəm deyə qorxuram,inanılmaram, güvənilmərəm, məsuliyyət etibar edilmərəm deyə qorxuram...

Mən ilandan qorxuram...Az əvvəl də qarşılaşdım,o mənə, mən ona baxdıq. O, heç halını pozmadığı halda,mən titrədim, ürəyim çırpındı. Heç kimin, heç nəyin qarşısında bu dilsiz, ürəksiz, qulaqsız sürünənin qarşısında olduğum qədər qorxmadığım fikrindən qorxdum. Onu özümə bənzətməyimdən qorxdum. "Niyə məni görəndə halını dəyişmədi, niyə yaxın gəlmədi, niyə mənə əhəmiyyət vermədi, məni də özündən bildimi?" fikrindən qorxdum. Niyə nəzərimi çəkə bilmədim gözlərindən? Niyə hər addımda qarşılaşıram? "İlan günah əlamətidir" deyirlər.

Mən günah etməkdən qorxuram. Qəlb qırmaqdan, aşağıdakının yanında yuxarıda, yuxarıdakının yanında aşağıda olmağımı hiss etdirməkdən qorxuram. "Nə günah etmişəm?" fikrindən qorxuram. Günahlarıma görə ən ağır cəzadan qorxuram...


Mən qəbir əzabından qorxuram. Qəbirdə dirilərəm, tərpənmək istəyib bacarmaram, danışmaq istəyib bacarmaram, qışqırmaq istəyib onu da bacarmaram. Ən əsası, torpaq altında nəfəs alarkən məni yox bilib, mənsiz həyatın davam etməsindən qorxuram...

Mən səndən qorxuram... Zəiflik göstərərəm, dayana bilmərəm, verdiyim sözdən dönərəm deyə qorxuram. Qarşılaşmaqdan, səsini eşitməkdən, toxunmaqdan qorxuram. Qürurumu tapdalayaram deyə qorxuram... "Qürur ümidsizlikdən doğur" deyirlər...
Mən ümidsizlikdən qorxuram .Və ya ümiddən. Heç nəyim qalmayanda bir tək boş ümidim qalar deyə qorxuram. "Ümid sonda ölür" deyirlər...


Mən sonumdan qorxuram. Ucsuz-bucaqsız, soyuq okeanda yalqız qalmaqdan qorxuram, məni görən yolunu dəyişər deyə qorxuram, mənə rast gələni peşıman etməkdən qorxuram
Mən özümdən qorxuram! Özümə olan sevgimdən qorxuram. O sevgini paylaşmaq istəməməyimdən qorxuram. Sərçələri insanlardan daha çox sevməyimdən qorxuram. Bağışlamağı, inanmağı bacarmamaqdan qorxuram. Bitmək bilməyən istəklərim, sərhəd tanımayan arzularım, qorxu bilməyən ehtiraslarımdan qorxuram. Daşlaşmaqdan, buzlaşmaqdan qorxuram. Bütün bunlara adət etməkdən qorxuram. 10 dəqiqə ərzində beynimdən barmaqlarıma süzülən fikirlərimdən qorxuram..
Mən özümdən qorxuram

Bəs sən?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 287 294 312 260 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.