18-ci bölüm.
-----------
- "Mən səni sevirəm, Nazlı".
Eşitmək istədiyim sözlər idimi bunlar? O sözlər ki birləşib ürəyimə yol tapacaqdı. Kənan sual dolu baxışlarla mənə baxırdı. Bir söz deməyimi, bir hərəkət etməyimi gözləyirdi.
-Qorxuram, Kənan.
Bunu deyəcəyimi gözləmirdi. Qaranlıqda parlayan gözləri bir anda sönmüşdü. Bu qədər qəddar olmağıma hirslənirdim.
-Mənə zaman ver.. Fikirlərim qarışıqdır. Nə etdiyimi, nə etməli olduğumu bilmirəm. Məni anlamağını istəyirəm.
Kənan anlayışla başını silkələdi.. Saat 3-ə işləyirdi. Divana uzanıb Kənana baxdım. Göz qapaqlarım aşağı enirdi. Kənan məndən uzaqlaşdı, əlində yorğan geri qayıtdı..Özümü yuxunun qollarına buraxdım.. Telefon zənginin səsi ilə oyandım. Saat 10 idi. Ah, Kərim zəng edirdi.
Kərim: Sabahın xeyir, Nazlı. Yatırdın?
Mən: Sabahın xeyir, Kərim. Gec yatmışdım deyə..
Kərim: Anladım. Bağışla səni oyatdım.
Mən: Önəmli deyil. Nə olub?
Kərim: Bu gün görüşək? Sərgi üçün hazırladığım şəkillərə baxmalı idik.
Mən: Əlbəttə. Razılaşdığımız kimi.
Kərim: Bu gün səni evimə dəvət edirəm. Səni saat neçədə gətirim?
Kərimə evdə olmadığımı demək düzgün olmazdı. Ən yaxşısı evə gedib hazırlaşandan sonra bir söz deyəcəkdim.
Mən: Evinə? Yaxşı.. Kərim, günorta sənə xəbər edəcəm. Olar?
Kərim: Əla. Gözləyəcəm.
Telefonu söndürüb ayağa qalxdım. Arxadan Kənanın səsi eşidildi: Sabahın xeyir. Nəhayət oyana bildin.
Əsəbi idi. Nə olmuşdu yenə.
Mən: Sabahın xeyir.
Kənan: Kimdir bu Kərim?
Mən: Dostum.
Kənan: Nə qədər müddətdir?
Mən: 1 ay olar. Bəlkə də çox..bəlkə də az.
Kənan:Bu qədər qısa müddətdə necə dost olmusuz?
Mən: Özümü məhkəmədə hiss elədim. Bu qədər suala ehtiyac yoxdur.
Kənan: Səni evinə dəvət etdi?
Mən: Fotoqrafdır. Sərgisi olacaq. Şəkilləri birgə seçəcəyik.
Kənan: Şəkilləri seçməklə sənin nə əlaqən var?
Mən: Mənim şəkillərim, Kənan.
Kənan: Nə? Sənin şəkillərini çəkib? 1 aydır tanıdığın adama dost deyib şəkillərini sərgidə nümayiş etməsinə razılıq vermisən?
Mən: Kənan,, bəsdir! Kinli olma! Onu tanımırsan.
Kənan əlini divara vurub qışqırdı: "Lənət olsun. Lənət olsun. Sən hamını tanıyırsan hə? Bircə məni tanımırsan. Hər kəsə mərhəmətli davranırsan. Mənə gələndə elədiyim zibilə görə məni hər dəfə cəzalandırırsan."
Stulu ayağı ilə itələdi. Əllərini divara necə vurmuşdusa qanamışdı. Qan görməyə dayana bilmirdim. Kənanın səsi evi bürümüşdü. Yerə çöküb dizimi qucaqladım. Qorxudan titrəyirdim. Onu bu qədər əsəbi görməmişdim.. Ortaya çökən sükut ilə gözlərimi açdım. Kənan döşəmədə oturub divara söykənmişdi. Uşaq kimi iməkləyib yanına getdim. Allahım, Kənan ağlamışdı. Kərimin mənim şəkillərimi çəkməsi Kənanı özündən çıxarmışdı. Onu bu hala saldığıma inana bilmirdim. Özü sakit dayansa da əsəbdən əsirdi. Üzündən öpdüm, sonra boynundan. Əlinə toxunmaq istəsəm də əllərini çəkdi. Qollarımı boynuna dolayıb başımı başına söykədim. Bizi incidən nə idi axı? Kərimlə danışmasam bunlar olacaqdımı? Kənam Kərimi qısqanmışdı? Qısqanmaq belə olurdu?
Mən: Özünə də, mənə də ziyan verirsən. Məni özündən uzaqlaşdırma..
Kənan buz kimi səsilə danışdı: Hazırlaş. Şəhərə qayıdırıq.
Mən: Yaxşı. Əllərini yu. Qan görəndə pis hiss edirəm özümü.
Əlavə bir söz deməyib ayağa qalxdım. Ortalığı toplayıb səliqəyə saldım. Paltarımı dəyişəsi deyildim. Kənanın paltarı əynimdə qapıda gözlədim. Gecəki leysandan, küləkdən əsər-əlamət qalmamışdı. Kənan həyətin qapısını bağlayıb mənə nəzər saldı. Ancaq bir söz demədi. Bu dəfə susmaq növbəsi Kənanda idi, deyəsən. Maşın sürətlə hərəkət edirdi. O danışmasa da mən danışıb onu əsəbləşdirirdim..
Mən: Gecə harada yatdın?
Kənan: Kresloda.
Mən: Sınan çarpayı necə olacaq?
Kənan: Önəmli deyil. Evi təmir etdirəcəm. Hər şeyi yeniləyəcəm.
Mən: Ora sizin eviniz olub?
Kənan: Hə.
Mən: Bəs sonra?
Kənan: Sonra köçmüşük.
Mən: Səbəbini soruşa bilərəm.
Kənan dərin nəfəs alaraq: Çünki, anam bizi tərk edəndən sonra Bu evdə yaşamaq istəmədi atam.
Evə çatana qədər bir söz demədim daha. Maşından düşməmiş Kənanın üzünə sonra yaralanmış əlinə baxdım.
-"Bunu mənə eləmə. Dünən dediyin sözlərlə bu gün etdiklərin eyni deyil. Məni özündən uzaqlaşdırma, Kənan."
Qapını açıb maşından endim. Maşının sürətlə gedişini izlədim...
Evə çatandan sonra rutin işlərimi bitirib, bir az dincəldim. Hazırlaşanda Saat 16:00 idi. Kərimə zəng edib ünvanı dedim. Kərim şəhərdə olduğunu, 15 dəqiqəyə gələcəyini bildirdi. Vaxtı dəyərləndirmək üçün anama zəng etdim.. Kərim zəng edəndə qapını bağlayıb həyətə endim. Maşına söykənib məni gözləyirdi. Məni görəcək qapını açdı, gülümsəyib əlini uzatdı. Mən də ona qarşılıq verib maşına əyləşdim. Kərimin evinə çatana qədər keçiriləcək sərgi ilə bağlı məsələləri müzakirə elədik.
Kərim: Nazlı, bu sənin üçün bir şansdır. Kariyera sahibi ola bilərsən. Mən də sənə kömək edərəm.
Kənanın bu günkü reaksiyasından sonra səhv qərar verməkdən qorxdum: " Kərim, hələ bunu fikirləşmək vaxtı deyil. Sənin sərgin üçün hazırlaşaq."
Maşın ikimərtəbəli evin yanında dayandı. Qapı geniş həyətə açılırdı. Ev xüsusi zövqlə tikilmişdi. Kərim qapının zəngini çaldı. Anladım ki evdə tək yaşamır. Mənə ailəsi haqda danışmağı başqa zamana saxlamışdı. Orta yaşlı bir qadın qapını açaraq gülümsədi: " Xoş gəlmisiniz ".
Kərim " Xoş gördük, Nərgiz xala. Tanış ol . Bu Nazlıdır."
Gülümsəyib salamlaşdım. İçəri keçib divanda əyləşdim. Kərim gələnə qədər zalı incələdim. Möhtəşəm sənət əsərləri divarlar boyunca düzülmüşdü. Bəlkə də, Kərim onlardan ilham almışdı. Öskürək səsi ilə nəzərlərimi səs gələn tərəfə yönəltdim. Kərim pillələrdə dayanıb mənə gülümsəyirdi: Bayaqdan səni səsləyirəm. Ancaq eşitmirsən "
Mən: Ahh, bağışla. Bu dünyada deyildim. Rəsmlər çox gözəldir. Heyran qalmamaq əldə deyil.
Kərim: Elədir.. Ən sevdiklərimdir.
Mən: Hə,indi nə edirik?
Kərim: Vaxtı dəyərləndirək. Həm danışacağıq, həm işləyəcəyik, həm də kofe içəcəyik . (göz qırpdı)
Onun bu hərəkətilə Kənanı xatırlasam da düşüncələrimdən ayrılaraq Kərimin arxasınca pilləkənləri qalxdım. Sıra ilə üç otaq düzülmüşdü. Son otağı göstərib - " bura mənim iş otağımdır" dedi. Otaq qəribə çəkiciliyə sahib idi. Dağınıq olsa da bu halı belə insanı heyran edirdi.
Kərim: Otağım dağınıqdır. Üzrlü hesab elə.
Mən: Önəmli deyil. Mən elə bilirdim sadəcə fotoaparatla şəkil çəkirsən. Boyalarla da işləyirmişsən məgər.
Kərim gülümsədi: Adətən, işləyirəm.
Nərgiz xala qapını döyərək içəri keçdi. Kofe gətirmişdi. Otaqda çox qalmayıb çıxdı.
Mən: Doğma xalandır?
Kərim: Yox. Mən balaca olandan bizim evdə xidmətçi işləyir. O qədər doğmalaşdıq ki sonra ayrılmasını istəmədik.
Mən: Bəs Valideynlərin? Sən onlar haqda danışmadın.
Kərim: Hə, onlar uzun müddətdir Almaniyada yaşayır. İkisi də həkimdir. Mən də Nərgiz xala ilə yaşayıram.
Mən: Çox şanslısan.
Kərim: Niyə elə hesab edirsən?
Mən: Hekayəmi bilirsən..Mənim də atamla anam həkim idi..
Kərim: Bilirəm.. Ancaq mən o qədər də şanslı deyiləm.
Mən: Niyə?
Kərim: Çünki, mən öz doğma atamı görməmişəm..
Mən: Kərim, bağışla. Mən düşüncəsizlik etdim.
Kərim: Rahat ol. Sən haradan bilərdin ki?
Mən: Danışmaq istəsən.. səni dinləyərəm..
Kərim anlayışla başını silkələdi: "Mən doğulandan 2 ay sonra atam vəfat edib. Anam deyir ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Hər kəs öləcəyini bilirdi.. Amma anam onunla evlənib. Atam öləndən sonra anam təkbaşına öz həyatını qurub.. Nə vaxt ki, mən böyüdüm Bir gün anam dedi ki, evlənmək istəyirəm. Xoşbəxtlik anamın da haqqı idi. Və mən razılaşdım.. Öz atamı görməmişdim amma o adam mənə atalıq elədi. Onunla doğmalaşdım. Sonra öyrənmişdim ki, o da ailəli olub, amma boşanıb.. Məktəbə gedəndən sonra anamla atam işləri ilə bağlı Almaniyaya köçməli oldular.. İldə 2-3 dəfə gəlsələr də sonra orada daimiləşdilər. Məktəbi bitirənə qədər Nərgiz xala ilə bu evdə yaşadım, sonra Universitet təhsilimi Almaniyada davam elədim. Orada daha artıq qala bilməyib Vətənə qayıtdım..Və budur sərgi üçün hazırlaşıram." Gülümsəyib əlindəki fotoaparatla anidən şəklimi çəkdi: " Yenə də əla şəkil oldu.. "
Günün sonuna qədər fotosərgi üçün lazım olan hər şeyi hazırladıq. Kərim arzusuna bir addım da yaxınlaşmışdı. İki gün sonra o möhtəşəm sərgi keçiriləcəkdi....

18-ci bölüm sonu.

Müəllif-ParadiseSark.