Payızı xatırlayaq


Payız üçün darıxıram belə sərin havalarda. Oktyabr, Noyabr aylarını xatırlayıram, günəşin yandırmadığı, qaranlığın aydınlıqdan gözətçilik növbəsini erkən aldığı günlər.. Taxta qapıların arasından xəfif külək əsir, sərin bir ürpərti bürüyür ətrafı birdən-birə. Yağış qoxur torpaq, qışa hazırlanar ağaclar, köçəri quşlara əl eləyər budaqlar. Yenə gələcəyik deyirlər "Hələlik, özünüzə yaxşı baxın, görüşərik gələn bahar!"
Payız gələndə qəmli bir uşaq kimi kövrək olar küçələr. Tərk edilmiş kimi səssiz, kimsəsizləşir şəhər. Yeni bir səhifə açmaq, yeni bir həyata göz açmaq üçün dərin yuxuya dalar əvvəlcə. Sonra təzəcə açan çiçəklər kimi yenicə ümidlər açmaq üçün ölən ümidlərini qurumuş yarpaqlar kimi tökər.
Kədərli məhəbbətlərin qəmi aşıb-daşar çeşmələrdən. Səssiz hıçqırıqlar qəlbin matəminə qoşular, insan özü ilə hesabat aparar sanki gözdən keçirər həyatını. Həqiqətlərlə üzləşər. Sonra yorğunluq bürüyər bədənini. Çağırılmamış qonaqların, gözlənilməyən qəribə əhvalatların arxasıyca qaçmaqdan imtina edər və nəmli bir Payız skamyasına əyləşib, narın-narın yağan yağışda ruhuna və qəlbinə müvəqqəti tətil elan edər..