reklam
Həsrətindəyəm ✔ 4 bölüm Həsrətindəyəm ✔ 4 bölüm https://duz.az/uploads/posts/2019-02/1549016595loading.az_a3844bf9f5500bc6ffdac52041c0698e.jpg
Mələy0001

Mələy0001 Hekayələr 4-02-2019, 21:32

Həsrətindəyəm ✔ 4 bölüm

Həsrətindəyəm ✔ 4 bölüm


Günlər keçdi… Toy günü yetişdi. Həmin günə qədər Elşada olan hirsimdən yemək- içməkdən imtina etdiyimçün özümə necə zülm eləmişdimsə, sonda nəticəsini gördüm. Toy günü hamamda başım hərlənmiş, gözlərimin önünə qara pərdə enmişdi sanki. Və mən özümdən getmişdim…

Xeyli sonra aramsız döyülən qapı səsi, evdəkilərin bayırdan həyəcanlı bir səslə məni çağırmaları məni özümə gətirmişdi. Amma dillənib, onlara cavab verməyə heyim yox idi.

İçəridə çox yubanmağım və məndən səs-səmir gəlməməsi Gülsümü təlaşlandırmış, o, mənim intihar etdiyimi düşünüb, dərhal evdəkilərə xəbər vermişdi. Qaçırıldığım gündən buna dəfələrlə cəhd etdiyim üçün ağla gələn ilk ehtimal bu idi və bu səbəbdən məni gözdən kənar qoymurdular.

Yaxşı ki, xalatımı geyinməyə son anda qüvvəm çatmışdı.

Kişilər nə yollasa qapını qırıb açmağa nail olmuşdular və Gülsüm özünü irəli atıb, məni yerdən qaldırmışdı. Bir qədər sonra otaqda çarpayıya uzanıb, özümə gəlməyə çalışırdım. Qadınlar əl-ayağa düşmüşdülər. Hətta qonşuluqda yaşayan bir tibb bacısını da zəng edib çağırmışdılar. O, nəbzimi yoxladı, təzyiqimi ölçdü. Bir sözlə, ilkin yardım göstərdi. Qan təzyiqim düşmüşdü. Ayağa qalxa bilməyim üçün mənə şərbət içizdirdilər. Əllərindən gələni etdilər. Bir qədər sonra nisbətən özümə gəldim. Amma bu barədə Elşadın ailəsinə, xüsusilə də Elşada heç nə bildirmədilər.

Bir neçə saat sonra siqnal səsləri əvvəlcə küçədə, sonra da tezliklə həyətdə duyulanda mənim həyəcanıma əzab hissi də əlavə olundu. Özümü nə qədər sıxıb dursam da, vağzalı səslənəndə kövrəlib ağlamağa başladım. Gəlin köçürdüm, amma atam evindən deyil. Yanımda mənə doğma olan heç kəs yox idi. Məni çıraq başına dolandırıb, mənə xeyir-dua verən atam deyildi, Elşadın böyük əmisi Əhməd idi. Özümü kimsəsiz kimi hiss edirdim. Göz yaşı tökdüyümü gördükcə Elşad tez-tez narazılıqla çevrilib məni süzürdü, amma bir söz demirdi.

Bir qədər sonra biz şadlıq sarayına getmək üçün evdən çıxdıq. Elşad əlimdən tutub məni maşına əyləşdirdi. Özü də keçib yanımda əyləşdi. Maşını Elşadın yaxın dostu Natiq idarə edirdi. Biz maşına əyləşəndə salonda səsucaldanlardan mənim çox sevdiyim bir mahnı duyulmaqda idi. Əvvəl bunu təsadüf sandımsa da, sonralar mənə məlum olacaqdı ki, Natiq bunu Elşadın xahişi ilə səsləndiribmiş… Çünki Elşad mənim bu mahnını çox sevdiyimi necəsə bilirmiş…

Qayınatam qabaqda oturmuşdu deyə, Elşad tamam sakit dayanmışdı, mənə iradını deyə bilmirdi. Onun oğrun baxışlarını yol boyu üzərimdə hiss etsəm də ona tərəf baxmırdım.

O gün toy karvanı şadlıq sarayına həmin mağazaların önündən keçib getmişdi. Mən edama götürülən bir məhkum kimi bəlkə buralarda olar deyə son dəfə onu görmək istəyirdim. Duvağın altından yaşlı gözlərlə bizə tamaşa edən adamların içində onu aramışdım. Bilmirəm bəlkə o da burada idi. Bəlkə də bir kənardan maşınları seyr edirdi.

Rüfət artıq mənim deyildi. Evlənib ailə sahibi olmuşdu. Öz həyatı vardı. Mənsə hələ də onun arxasınca göz yaşı tökür, ürəyimlə bacarmırdım. Qəlbim sonsuz acılar içində sıxılıb-açılır, od tutub yanırdım. Bu an çəkdiyim əzabın hesabı yox idi. Elə bilirdim əynimdəki gəlinlik deyil, kəfəndir. Və bir azdan məni diri-diri qəbrə qoyacaqlar. Sanki çalınan “Vağzalı” deyildi, “Yasin”imi oxuyurdular.

Maşın karvanı şadlıq sarayının önündə dayanıb, qayınatam və sonra Natiq maşından enəndə biz Elşadla tək qaldıq. Məzəmmətlə məni süzən Elşad bayaqdan səbrini bassa da, artıq davam gətirmədi.

– Cümə axşamına getmirik e… Toyumuzdu! 14 gün ağladın, bəs etmədi?

Dillənmədim. Ona tərəf baxmadım belə.

– Yığışdır bu gözünün yaşını! Bəsdir ağlaşma qurdun! Məni heç olmasa bu gün hövsələdən çıxartma! Hamının gözü bizdədi…

Yenə dillənmədim. Elşad məni tərs-tərs bir xeyli süzüb, əsəbi-əsəbi fısıldadı.

Saatlar bir-birini əvəz edir, toy məclisi şur keçirdi.

Məclisdəki deyib-gülən, rəqs edən qonaqlara baxdıqca ürəyimdən qara qanlar axırdı. “İlahi, mən burda nə gəzirəm?!” – deyə fəryad edib hayqırırdım, amma heç kəs səsimi duymurdu.

Mikrofonu götürüb çıxış edən qohumların, dost-tanışın, toya dəvət olunmuş digər qonaqların bizə ünvanladığı bütün xoş arzular, diləklər üçün Elşad oturduğu yerdən razılıq əlaməti olaraq başının işarəsiylə onlara təşəkkür edir, arabir gözucu məni süzürdü. Üzümdəki ifadəni, əhval-ruhiyyəmi izləyirdi. Mən ona baxmasam da onu, bütün hərəkətlərini bəy-gəlin masasının üstündəki güzgüdən aydın görürdüm. Onun hərdən gərgin bir ifadə ilə masalardan birinə nəzər saldığını, qaşlarını hiddətlə çatdığını tutmuşdum. Səbəbini çox keçmədən anladım. Həmin masadan üç nəfər qanlı-qanlı, sonsuz nifrətlə bizə baxırdılar. Onlardan biri Elşadın xalası qızı, xalası və qayınanam idi. Qayınanam sanki heç oğlunun toyunda deyildi, hansısa bir yas məclisində oturmuşdu. Üzü bir an belə olsun gülmür, qol qaldırıb oynamırdı.

Bir az keçmişdi ki, Elşad yerini rahatlamaq bəhanəsiylə stulda qurcalanıb, mənə yaxın oturdu. Hətta o qədər yaxın oturdu ki, az qala ağuşuna sığınmış kimi hiss etdim özümü. Sıxıldım. O isə gözləmədiyim bir şəkildə masanın altında əlimi tutdu. Yüngülcə sıxdı. İnadkar bir əda ilə əlimi əlindən çəkib çıxarmaq istədim. Bacarmadım. Bir az da möhkəm sıxdı. Əlimdən bir şey gəlmədiyini görəndə hirsimdən gözlərimi süzdürüm. Baxışlarımı ondan qaçırmağa çalışdım. Bu vaxt güzgüdə Elşadla baxışlarımız toqquşdu. Dodağı xəfifcə qaçdı. Mənə doğru əyildi. Və qətiyyən sıxılmadan qulağıma dedi:

– 2 saata qalmaz, məclis bitir… Burdan bizim evə 5 dəqiqə… Evə getdikdən sonra yəqin ki 10-15 dəqiqəyə yanındayam… Deməli, bundan dəqiq 3 saat sonra sən mənimsən artıq! Hazır ol, körpə quzum… Bu gün sənə baxmağdan dilim-ağzım quruyub… Vəhşiyə dönmüşəm! Vaxt da ki, elə bil daşa dirənib e… Getmir… Görürsən də, nə gündəyəm, sənə qovuşmaq üçün saniyələri sayıram!

Musiqinin səsindən o, mənim eşitməyimçün dodaqlarını qulağıma dayamışdı. Mən onun bu açıq-saçıq sözlərindən bir az da sıxıldım. Bütün bədənimə od-alov gəldi. Üzümdəki əzablı ifadəni güclə ört-basdır edib, narahat bir halda köks ötürdüm. Gözucu Elşada baxanda onun baxışlarının hələ də məndə olduğunu gördüm. Üzümdəki ifadədən halımı, vəziyyətimi oxuyub, təkrar qulağıma dedi:

– Nooldu, nə fikrə getdin? MƏLƏYİM! – bunu xüsusi vurğu ilə dedi, mənalı-mənalı gözümün içinə baxdı. Tərs-tərs onu süzdüyümü görəndə dodağı qaçdı. – Qorxma, mən adamyeyən deyiləm!

Bu vaxt toy məclisini lentə alan videooperatorun qarşımızda dayanıb kameranı bizə tuşladığını görəndə Elşad özünü yığışdırdı. Baxışlarını ətrafda dolandırdı. Mənimsə gözüm bir qədər irəlidə qohumların arasında Elşadın əmisi arvadı Gülsüm, bibisi qızı Elnarə və əmisi qızı Naziləyə sataşdı. Onlar bayaqdan bizi izlədikləri üçün Elşadın mənlə mehriban davraşına şahid olub, təbəssüm edirdilər. Çünki toya qədər bizi, bir yerdə olanda, o gün olmazdı ki, dalaşan görməsinlər.

Bu məqamda mahnı sifariş verdilər. Hərbiçi dostları Elşadı meydana çağırıb, onu öz aralarına aldılar. Rəqs başlandı…

…Saatlar sonra məclis sona çatmış, biz artıq bir qədər vardı ki, evə gəlmişdik. Elşadın əmisi arvadı Gülsüm bizim üçün ayrılmış otaqda mənim yanımda idi. Toya qədərki müddətdə mən onların evində qaldığım üçün ona isinmişdim. Nə sözüm olsa, ürək edib, Gülsümə çəkinmədən deyə bilirdim. Gülsüm Elşadın ən kiçik əmisinin həyat yoldaşı idi. 40 yaşı belə olmazdı. Aramızda 19 yaş fərq olsa da, Gülsüm özünü bu qısa müddətdə o qədər sevdirmişdi ki, onunla rəfiqə olmuşduq. İstiqanlı, səmimi insan idi. Bir anda qaynayıb-qarışırdı. O, məni başa salıb, sözünün sonunda:

– Mən daha gedim… İndi Elşad gələcək… – deyib, otaqdan çıxmaq istədi. Bunu duyanda məni əsməcə tutdu. Gülsümün əlinə-ayağına düşdüm. Ağlar bir səslə az qala imdad elədim:

– Gəlməsin! İstəmirəm!

– Booyy… Ay qız, heç elə şey olar?!

– Özümü yaxşı hiss eləmirəm… Çox pisəm! Noolar, başa sal onu… Olmaz ki, qalsın sonraya? Bu gün yox! – ağlıma nə gəldisə deyib, bəhanələrlə boyun qaçırmaq istədim.

– Yox, olmaz! – Gülsüm qəti səslə dedi. – Allahın buyruğudu! Kəbininiz kəsilibsə, bu olmalıdı!

Mən ayrı çıxış yolumun olmadığını bir daha anlayaraq acizanə bir şəkildə hönkürüb ağladım. Gülsüm məni sakitləşdirməyə, başa salmağa çalışdı.

– İlk gecə bütün gəlinlər belə həyəcanlı olur… Sən, mən deyənə qulaq assan, çətin heç nə yoxdu… – Sonra da iradla bir anlıq üzümə baxdı. Sözə qulaq asım deyə, gözümü qorxutmaq bahasına belə olsa məni yola gətirməyə çalışdı. – Belə etsən, bəs oğlan nə düşünər haqqında? Fikirləşər ki, yəqin bu qızın bir nöqsanı, bir xətası var ki, özünə yaxın buraxmaq istəmir. Tək özünü yox, Elşadı, onun düşəcəyi vəziyyəti də bir nəzərə al. Bəyəm rüsvay olmaq istəyirsən? Belə edərsən, tutub qolundan atarlar bayıra! Bu yaxşıdı, yoxsa ona tabe olmaq? Sən Allahın hüzurunda artıq onun həyat yoldaşısan, ay qız… Qadının vəzifəsi, borcu ərinə itaət etməkdi… Sil gözünün yaşını! Ağıllı ol…

O, bunu deyib otaqdan çıxdı. Qaldım tək-tənha. Otaq elə bil başıma fırlanırdı. Güclə ayaq üstə dayanmışdım. Çəkingən baxışlarla bizimçün hazırlanmış yatağa baxanda ölüb-dirildim. Handan-hana özümü ələ alıb, termonun güzgüsündən özümə baxdım. Gözlərimin yaşını sildim. Amma ardı gəldi. Heç cür əngəl ola bilmirdim. İxtiyarsız axırdı. Bütün qəlbimlə Allaha dua etməyə başladım:

– Allahım! Allahım, mənə güc ver! Mənə cəsarət ver, bu gecəni ötürüm! Bacarmırammmm! Mənə yazığın gəlsin! – deyə təkrar göz yaşlarına boğuldum. Ürkək baxışlarımı hər an açılacaq qapıya dikib, ürək çırpıntıları içində gözləməyə başladım. Təxminən 5 dəqiqə sonra qapının kandarında duyulan addım səsləri məni diksindirdi. Canıma vəlvələ düşdü. Amma ayrı yolum yox idi. O, bir neçə saniyə qapının arxasında ləngidi. Yəqin ki, həyəcanını boğmağa çalışdı. Özünü toplayıb, sonra ağır bir hərəkətlə qapını açdı. Mən Elşadı qapıda görəndə həyəcanım ölçüyə gəlmədi.

O, içəri keçəndə elə bir baxışla məni süzdü ki, baxışları iliyimə işlədi. Üzündəki ifadə mənə izah edə bilmədiyim bir hiss yaşatdı. Davam gətirə bilməyib, tez üzümü çevirdim. Ürəyim o qədər şiddətlə vurmağa başladı ki, elə zənn etdim bu dəqiqə dayanacaq. Əllərimin titrəməsini saxlamaq üçün bir-birinə sıxmışdım. Dodağımı dişimin arasında möhkəmcə sıxıb dayanmışdım. Ürəyimdə var gücümlə yenə də Allahı çağırırdım. Bu məqamda o, ağır addımlarla mənə doğru gəldi. Addım səsləri ürəyimin çırpıntısına qarışdı. Qoluma toxunub, məni özünə sarı çevirdi. Dərin baxışlarla bir xeyli məni süzdü. Mən həyəcandan onun qarşısında ölüb-dirilərkən, o…

Heç ağlıma gəlməyən bir davranışla əlini şalvarının cibinə salıb, ovcunda bir topa qızılgül ləçəyi çıxararaq başımdan aşağı səpdi. Bunu 3 dəfə təkrar etdi. Donub qaldım. Gəldiyim gündən kobudluq, sərtlik gördüyüm bu insandan belə jest görəcəyim, yatsaydım, yuxuma girməzdi. Bir yandan ağlasam da, bir yandan çaşqınlıq içində onu süzdüm. Ürəyimdə isə onun hər kəsdən fərqli olan bu xarakterinə məni gülmək tutdu. Elşad romantik addım atarkən belə, bunu özünə xas bir tərzdə etmişdi. Evdəkilərdən kiminsə onun əlində gül görməsini özünə, öz ağır təbiətinə sığışdırmayıb, həyətdəki qızılgül kollarının üstündən gül ləçəklərini xəlvətcə yolaraq uşaq təki cibinə doldurmuşdu.

Elşad alnımdan öpüb, bəxtiyarlıq yağan bir səs tonuyla dilləndi:

– Xoş gəlmisən, gözəl qız! Yaxşı ki, taleyimə yazılmısan!

Daha bir neçə xoş söz dedi, amma həyəcandan qulaqlarım necə uğuldayırdısa onu duysam belə, qavramırdım. Allahdan bu anlar bircə istəyim vardı, bu gecə tez bitsin. Bir qədər sonra o, belimə bağlanmış qırmızı lenti ləng bir hərəkətlə açmağa başlayanda məni saran həyəcan və qorxuyla özümdən asılı olmadan Elşadın əlindən nə vaxt yapışdığımı belə bilmədim. Mane olmaq istədim. Elşad həmin andaca baxışlarını qaldırıb canıma qorxu salan o nüfuzedici baxışlarıyla gözlərimin içinə baxdı.

– Millət bayırda bizdən xəbər gözləyir. Soruşanda nə deyək?! – Yarı istehza, yarı ciddi bir ahənglə sual verdi. Narazılıqla fısıldadı. – Məni dağa-daşa salma də, gözəlim. Olmadı ki…

Hönkürtümü içərimə vursam da, tir-tir titrədim. Gözümdən çıxan iri yaş damlası yanağıma süzüldü. Amma bu Elşadın vecinə də olmadı. Onu bu dəqiqə mənə qovuşmaq, mənə yaxın olmaq maraqlandırırdı. Başqa heç nə. Buna görə də vaxt itirmək istəmirdi. Mən özümü ələ almağa çalışmaq istərkən bu məqamda boynumda onun Ehtirasdan yanan atəşli dodaqlarını hiss edib, bir az da əsməyə başladım. O, saçlarıma bərkidilmiş duvağı boynumu, boğazımı öpə-öpə çəkib saçlarımdan çıxartdı. Köynəyini soyunub qurşağacan çılpaq qaldıqdan sonra məsti-xumar nəzərlərlə gözünü məndən çəkmədən saçlarımı açdı. Əlləri saçımın tellərində gəzdi. Bu an istəmədən onunla yenə baxışlarımız toqquşdu. Bir neçə an Elşad dinməz-söyləməz gözlərimin içinə baxdı. Nə düşündü, nə hisslər keçirdi, bilmirəm, amma güclə sezilə biləcək bir təbəssümlə dodaqlarını bir-birinə sıxıb, üzümə baxa-baxa fısıldadı. Bundan dəqiq əmin idim ki o, indi özünü dünyanın xoşbəxti sanırdı. Simasında yalnız bu ifadə həkk olunmuşdu. Elşadla nəfəs-nəfəsə idik bu anlar. Onun bihuşedici ətri, həyəcanla alıb-verdiyi nəfəsi üzümə vururdu. Ayaq üstə dayanmağa taqətim qalmamışdı. O isə çox uzatmadan belimi qucub, məni xəfifcə özünə sıxdı. Mane olmaq cəhdimə baxmayaraq, əyilib ilk dəfə dodaqlarımdan öpdü. Dodaqlarının təmasını, hərarətini dodaqlarımda duyub, hiss edəndə birtəhər oldum. Həyəcandan nəfəsim tıxanır sandım. Sinəsindən geri itələmək istədim, amma o, buraxmadı. Əllərimi tutub yüngülcə sıxdı. Bir qədər sonra barmaqları kürəyimdə gəzdi. Gəlinliyimin zəncirini yavaş-yavaş aşağı çəkib, məni özünə xas bir əda ilə ehmal-ehmal soyundurmağa başladı…

Səhər yuxudan oyanıb gözlərimi açanda mənə yad olan otaqda, heç vaxt sevməyəcəyimi sandığım bir adamla bir yataqda idim. Əvvəl bir neçə anlıq çaşqın halda, otağı süzdüm. Hələ özümü alışdıra bilmədiyim bir duyğu idi bu an hiss etdiklərim. Yanımda üzüstə yatıb bərk yuxuya getmiş Elşada baxdım. Özümü kişi ilə bir yataqda görməyim məni birtəhər elədi. Çevik bir hərəkətlə üstümdəki mələfəni kənara atıb dərhal yataqdan qalxmaq istədim. Amma qalxa bilmədim. Əlimlə qarnımın aşağısını bərk-bərk sıxıb, üz-gözümü turşutdum. Səssizcə ufuldadım. Bunun səbəbkarına – Elşada bir anlıq kin-küdurətlə nəzər salıb, taxtdan endim. Dünən gecə mənim üçün heç asan olmamışdı. Bunu təkrar yada salıb düşünəndə özümə nifrət edirdim, nəinki…

O, oyanmadan əynimdəki gecəliyi tez-tələsik çıxarıb, mənim üçün alınmış geyimlərdən birini geyinib sakitcə dayandım. Bir gözüm hələ yatmaqda olan Elşadda idi.

Həyatın gələcəkdə mənə nəyi sübut edəcəyini bu anlar dərk etməyən bir ifadə ilə soyuq-soyuq onu süzürdüm. İstəməsəm belə, artıq bu insanın qadını olmuşdum. Ona məxsus idim. Bundan belə bu evdə onunla sürəcəyim ömrü gözüm önünə gətirəndə ürəyim sıxıldı. Gələcək barədə fikirləşmək, bu sözü yaxınıma belə buraxmaq istəmirdim. Çünki mənim üçün bu insanla “Gələcək” deyilən bir şey yox idi. Ola bilməzdi. Mən əzgin, yorğun baxışlarla onu süzməkdə ikən Elşad bu dəm yuxudan oyandı. Yerində çevrikən kimi gözü gözümə sataşdı. Üzünün ifadəsi dəyişdi, gözlərinin içi güldü. Mən özümü itirib gözlərimi ondan qaçırsam da, soyuqqanlı görünməyə çalışsam da, ürəyim şiddətlə vurmağa başladı, əlim-ayağım titrədi.

– Varam belə səhərə! – Elşad xoşbəxt bir əhvalla şəstlə dedi. – Gözümü açar-açmaz səni gördümsə… Deməli, yaşamağa dəyər! Sabahın xeyir, gözəlim!

Başımı tərpətməklə kifayətləndim. Sükut içində dayandım.

– Bir az sözəbaxmaz uşaqsan, amma olsun! Keçmək olar.

Onun dünən gecəyə eyham vurduğunu göydə tutdum.

Bu vaxt qapının arxasından asta səslə məni çağırdılar:

– Mələk… Mələk, oyanmısan?

Gülsüm idi. Mən Elşad yanımda idi deyə, dillənməyə utandım. Sıxıla-sıxıla gözucu Elşada baxdım. O, məni başa düşdü. Mənim yerimə özü cavab verdi:

– Oyanıb… Nə lazım idi?

– Səhər yeməyinizi gətirmişdim.

– Bir dəqiqə gözlə… – Elşad eyni zamanda əlinin işarəsiylə məndən futbolkasını ona verməmi istədi. Mən üzünə baxmadan futbolkanı ona uzatdım. Elşad onu almazdan əvvəl əlimi tutdu, baxışları üzümə dikilmiş bir halda əlimdən öpüb, sonra buraxdı. Cəld bir hərəkətlə futbolkanı əyninə keçirib yerindən qalxdı. Gedib qapını açdı. Yemək-içmək dolu məcməyini Gülsümdən alıb, razılıq etdi. Qapını örtüb mənə tərəf çevriləndə üzündə boğmağa çalışdığı güləş bir ifadə vardı. Gülsümün ona nə pıçıldadığını bilməsəm də, əmisi arvadının sözləri Elşadın ürəyinə yağ kimi yayılmışdı. Kefi bir az da durulmuşdu.

Toydan 3 gün sonra Elşad hazırlanıb, şəhərə qayıtdı. Getməzdən əvvəl alnımdan öpüb:

– İndi daha işə rahat qayıda bilərəm! Sən mənimsən! – dedi.

Tamam soyuq bir ifadə ilə üzümü yana çevirdim. İstədi məni qucaqlayıb, bağrına bassın, amma mən qəti şəkildə buna mane oldum. Geri çəkilib, əlinin altından çıxdım. Bu davranışım onu gərsə də, üzə vurmadı. Dinməzcə yola düzəldi.

Beləcə o, həftənin hər şənbə günü rayona gəlir, bazar günü şəhərə qayıdırdı. Hər gəlişində ona münasibətimdə bir dəyişiklik görər deyə, ümidlə gəlirdi. Amma tamam əksini görürdü. Ona qarşı qəlbimdə zərrəcə məhəbbət yox idi. Özümü buna məcbur etsəm də, ona qarşı heç nə hiss etmirdim. Təqvimdə tarix şənbə gününü göstərəndə gələcəyini bildiyim üçün qanım qaralırdı. O isə işdə 5 günü güclə yola verib rayona qaçır, mənə can atırdı. Gələndə mənimçün hədiyyələr alıb gətirirdi. Lakin heç birinin gözümdə bir çöp qədər dəyəri, qiyməti yox idi…

Artıq 3 aydan çoxdu ki, evli idik. Münasibətimizdə dəyişən heç nə yoxdu. Mən hələ də Elşaddan qaçır, yad adam kimi ona soyuq davranırdım. Bu ona hədsiz əzab verirdi. Tablana bilmirdi. Amma bütün qüvvəsini səfərbər edib, büruzə vermir, dözürdü.

Rayona gəldiyi, məndən soyuqluq gördüyü gecələrdə onu tez-tez ya eyvanda iki əlli başını tutub oturmuş, siqareti-siqaretə calayan görür, ya da gecənin bir aləmi həyətdə skamyada düyünlənmiş yumruğunu dodaqlarına sıxıb, gözləri yol çəkə- çəkə dərin düşüncələrə daldığına şahid olurdum. O, məni qaçırarkən bütün bunların labüldlüyünü əlbət ki, gözə almışdı, amma bu qədərini güman ki, gözləməzdi…

3 ayda yaşadıqları səbəbilə artıq cana yığılmışdı. Amma yenə də təmkinini pozmamağa, səbirli olmağa çalışırdı. Ta o gecəyə qədər…

(Ardı var)

Müəllif Firuzə Davudqızı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 411 441 387 406 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.